Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın 1,2 milyonluq İnstaqram səhifəsində keçirdiyi "giveaway" ətrafında qalmaqal yaşanıb. Belə ki, Aynişanın seçim zamanı saxtakarlıq etdiyi iddia olunub.

Pressaz.info Axşam.az-a istinadən xəbər verir ki, İnstaqramda bir çox səhifələrdə seçim zamanı əvvəlcədən müəyyən edilən şəxsin qalib kimi göstərildiyi bildirilib. Yazılan şərhlərdə hər kəs Aynişanı dələduzluqda ittiham edib.

Bir neçə həftə əvvəl Aynişan yarış keçirəcəyini, beş böyük hədiyyə və avtomobil verəcəyini bildirib. Ödəniş qarşılığında müxtəlif sponsorlar yığılıb. Yarışı Aynişan öz səhifəsində reklam etsə də, izləyiciləri başqa bir səhifəyə yönləndirib.

İlk növbədə qalibin seçiləcəyi "Random" proqramı blogerin telefonunda əvvəldən olub. O, canlı yayımda dörd qalibi seçib. Növbə əsas hədiyyəyə - avtomobilə gəldikdə isə Aynişan internetin zəif olduğunu, canlı yayımın kəsildiyini bildirib. Sosial şəbəkədə bunla bağlı video yayımlanıb və bildirilib ki, həmin ərəfədə təşkilatçılar əvvəldən müəyyən edilmiş şəxsə hazır olmasını, birinci zəngdə cavab verməməsini xəbər ediblər.

Ssenariyə əsasən Aynişan yenidən canlı yayıma qoşularaq, artıq avtomobilin sahibinin məlum olduğunu açıqlayıb. O, qalibə zəng edib. Həmin şəxs birinci zəngə cavab verməyib. Canlı yayımı skrin edən təşkilatçı səhvən sözügedən "whatsapp" yazışmasını da lentə alıb. Həmin görüntüləri isə Aynişan diqqətsizlik edərək səhifədə yerləşdirib. O, daha sonra videoya müəllif hüquqları verərək, digər səhifələrdə paylaşılmasının qarşısını alıb. Bloger sözügedən videonu səhifəsindən və digər profillərdən sildirib.

A.Quliyeva iddialara cavab verərək, İnstaqram hesabında video yayımlayıb. O bildirib ki, yayılan xəbərlər şayiədir və o, yarışı şəffaf keçirib:
"Azərbaycanda ən aktiv səhifə mənimdir. Çox yarış təklifləri gəlirdi, qəbul etmirdim. Amma sonradan etdim. Səhifəmdəki yarışı təşkilatçılar keçirir. Əgər pul hərisi olsaydım ayda 10-15 yarış keçirərdim. Bunu da bacararam, sponsorlar mənə asanlıqla gəlir.

Sonuncu yarışda danışıqlar aparanda dedim ki, hansı proqramla qalibi seçəcəyik? Dedilər, "Random" oldu. Dedilər ki, ən böyük yarışların qalibi sözügedən proqramla seçilir. Mən heç bir proqrama müdaxilə etmirəm, başım çıxmır. İkincisi isə vicdanıma sığışdırıb kimisə bu yolla aldatmaram. Sizin güvəninizi sarsıdacaq bir şey edə bilmərəm. Yarışı həmişə öz səhifəmin canlısında açırdım. Lakin təşkilatçıların xahişi ilə yeni "Ayniyarış" səhifəsində açdım. Canlı yayımı da onların istəyi ilə həmin səhifədə etdim. Qalibləri seçən zaman internetdə problem yarandı. Zəng gəldi ki, donmalar var. Canlını dayandırıb yenidən qoşuldum. Qalibləri seçdik. Bir xanım avtomobili qazandı. Xanımın oradakı göz yaşını hamı gördü. Həmin səhifənin parolu məndə yoxdur. Çünki təşkilatçılar həmin səhifəyə izləyici yığır və sonra satırlar.

Evə gəldim, anam soruşdu ki, yarış necə keçdi? Əla olduğunu bildirdim. Anam baxmaq üçün səhifəyə girdi, gördü ki, yüklənən canlı yayım silinib. Təşkilatçılara zəng vurdum, söylədilər ki, izləyicilər artıq-əksik yazdığı üçün silinib. Əsəbiləşdim... Dedim, tez edin yenidən paylaşın. Sonra gördüm ki, səhifələr heç bir əsası olmayan məlumatlar paylaşırlar. Sən demə, ekranı skrin edən zaman yazışmalar olub. Təşkilatçılar bunu edib. Mən heç kimlə yazışmamışam. Təşkilatçılar ekrandan canlını çəkirdilər".





Loading...