Milli Məclisin sədr müavini, 20 saylı Nərimanov ikinci seçki dairəsinin deputatı Adil Əliyev narazı sakinlərin qarşısına çıxıb.
 
Pressaz.info
-ın xəbərinə görə, A.Əliyev bildirib ki, “N-TURAN” MMC ilə adının hallanmasından narahatdır.
 
Deputat şirkətin mənzilləri qanunsuz sökdüyünü bildirən sakinlərə deyib ki, rəsmi müraciət ünvanlasınlar: “Mənim kiməsə göstəriş vermək səlahiyyətim yoxdur. Adil Əliyevi sehirli çubuğa malik insan kimi qəbul etməyin. İddia edirlər ki, Nərimanov rayonundakı obyektlərin hamısı Adil Əliyevindir. Hər kəs öz əməlinə görə cavabdehdir. Mənə aid olmayan məsələyə görə adım niyə hallanmalıdır ki? Deyirsiniz ki, şirkət Adil Əliyevə məxsusdur, sosial şəbəkələrdə də məni təhqir edirlər. Niyə təhqir olunmalıyam? Fakta əsaslanmayan məlumatları yaymaq düzgün deyil. Kim mənim adımı çəkibsə, hamısını yığacam, cavab tələb edəcəm. Amerikada, İngiltərədə hadisə olur, mənim adımı hallandırırlar. Özünüzü günaha batırmayın. Şirkətin sahiblərindən birinin adı Adil, qardaşının da adı Məhərrəmdir. Mənim Azərbaycanda və ölkədən kənarda tikinti işləri ilə əlaqəm yoxdur. Dayımoğlunun çayxanası varsa, onu mənim adıma çıxırlarsa, nə etməliyəm? Bu, Allahsızlıqdır. Qohumlarıma deyim ki, obyekt işlətməyin? Dostumun tikinti şirkəti varsa, mənim də ortaq olduğumu iddia edirlərsə... Yalan deyənin Allah bəlasını versin. Siz mənə-ərazinin deputatına müraciət edə bilərsiniz, aidiyyatı qurumlar qarşısında məsələ qaldıraram”.
 
Qeyd: Nərimanov Rayon İcra Hakimiyyəti Ceyhun Hacıbəyli küçəsində gecə saatlarında vətəndaşın evindən çıxarılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
 
İcra hakimiyyətinin şöbə müdiri Rüfət Əhmədzadə deyib ki, uzun müddət öncə inşa edilən, istismar müddəti bitən, dörd mərtəbəli qeyd edilən həmin binaların qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən 2018-ci ildə rəy verilib.
 
Həmin ünvanda pilot layihə çərçivəsində “N-TURAN” MMC tərəfindən 130 ailənin köçürülməsi planlaşdırılıb, hazırki tarixə şirkət tərəfindən qarşılıqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə 129 ailə köçürülüb. Reallığa uyğun olmayan, astronomik şərtlər tələb edərək köçməyən yeganə sakin Alim Məmmədovdur. Ona məxsus mənzilin mövcud sahəsi 140 kv.m. təşkil edir. Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25 faiz artıq ölçüsü olan yeni mənzillərin ayrılması nəzərdə tutulduğu halda “N-Turan” şirkəti tərəfindən vətəndaşa 240 kv.m. ölçüdə, yəni 70 faizdən artıq sahəsi olan, tam təmirli yeni mənzil və aylıq 700 manat kirayə haqqı təklif olunub, lakin onun tərəfindən əsassız olaraq heç bir ölçü meyarına uyğun olmadan 185 kv.m.-lik və 95 kv.m.-lik 2 ədəd təmirsiz mənzil, 2 ədəd qaraj, kirayə haqqı və təmir pulu olaraq əvvəlcədən 100.000 azn məbləğdə pul vəsaitinin verilməsi və bununla yanaşı fors-major hadisələrindən sığortalanması üçün Bakı şəhərinin mərkəzində girov olaraq dəyəri 600.000 azn olan obyektin onun adına müvəqqəti notarial qaydada sənədləşdirilməsi iddiası irəli sürülüb. Vətəndaş Alim Məmmədovun absurd tələbləri səbəbindən köçürülməməsi məqsədli şəkildə tikinti işlərinin uzun müddətə gecikdirilməsinə səbəb olub. Belə ki, müqavilə şərtləri ilə kirayə haqları ödənilərək artıq 2 ildən artıqdır ki, kirayədə yaşayan köçürülən sakinlər köçmək istəməyən bir nəfərə görə tikinti işlərinin gecikməsinə, həmin ailələrin mənzil hüquqlarının pozulmasına etiraz olaraq dəfələrlə RİH-ə, şirkətə və digər dövlət qurumlarına müraciət ediblər. Buna baxmayaraq tikinti şirkətinə RİH tərəfindən sakinlərin köçürməsi tam bitmədən söküntü işlərinin aparılmasının mümkünsüzlüyü barədə dəfələrlə xəbərdarlıq edilib. Yaranmış mübahisəli məsələ tam həll olunanadək söküntü işləri, o cümlədən tikinti işləri artıq dayandırılıb, vətəndaşla arasında yaranan mübahisəli məsələ həll edildikdən sonra tikinti işlərinə başlamağın mümkün olduğu “N-TURAN” MMC-yə bildirilib.

/pravda.az/




Loading...