"Düzdür, pandemiya təhsilə ciddi zərbə vurub. Sadəcə bizdə deyil, dünyanın bir çox yerində".  

Pressaz.info sfera.az-a istinadən xəbər verir ki, bunu tanınmış hüquqşünas Ələsgər Məmmədli deyib.
 
O, Təhsil Nazirliyinin məktəblərin bağlanması ilə bağlı qərarını tənqid edənlərə cavab verib. Hüquqşünas qeyd edib ki, bir ingilis araşdırmasına görə,  təhsilin pandemiya öncəki vəziyyətə dönməsi üçün 7 il lazımdır:

"Təəssüflə qeyd etməliyəm ki, COVID-19-un yayılmasında məktəblər də ciddi rol oynayır. Mənim də çox ağır keçirdiyim bu xəstəliklə məhz məktəbdən yoluxan övladım vasitəsi ilə "tanışdım". 

Unutmayaq, virusun yeni ştammı daha təhlükəli və öldürücüdür. Hər gün rəsmi statistikaya baxdıqda 20-30 insan itiririk. Halbuki hamımız bilirik ki, istər yoluxma, istər ölüm statistikaya daxil olan rəqəmlərdən xeyli çoxdur”.

Ə.Məmmədli bildirib ki, təhsildə gecikməni, əskikləri zamanla bərpa etmək mümkündür:

"Lakin həyatını itirən dəyərli insanları bir daha geri gətirmək mümkün deyil. İnsan həyatımı, üz-üzə təhsilmi seçimi qarşısında  qalarkən mən insan həyatını seçərdim. Təhsil Nazirliyinin qərarını bu baxımdan doğru hesab edirəm”.

Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, onlayn-distant dərs birmənalı olaraq keyfiyyətsizdir:

"Tele Dərs, Virtual Məktəb tamamilə lazımsızdır və öyrədici funksiyası yoxdur.  Şagirdlərin alətləri, interneti yoxdur. Gəlin özümüzü aldatmayaq. İctimai nəqliyyatda hamı bir-birinin ağzına girib. Məktəbdə iltizam yazan şagirdlər ya hazırlıq kurslarındadır, ya repititor yanında, ya da küçədə oynayır. Dükan, iaşə obyektləri, market və restoranlarda yer yoxdur, hamı yapışıb bir-birinə.  Yoluxma faktı var. Amma vaksinasiya gedir. 500 min insan vaksinasiya olunub. Təhsildə çalışanların 50 faizi vaksinasiya olunub. Bəs nəticə?

Onlayn-distant tədrisdə uşaqlar kor olur, beli əyri olur, inkişafdan geri qalır, psixoloji sarsılır. Çıxış yolu? Pandemiya bitənə qədər ümumiyyətlə təhsil sistemini donduraq. Nazirdən tutmuş adi işçiyə qədər hər kəsin əmək haqqı dayandırılsın.  Çünki təhsil öz öhdəliklərini yerinə yetirmir. O zaman, dövlət büdcəsindən maliyyələşməsi də dayandırılsın”.

Qeyd edək ki, ötən gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb.





Loading...