“Mövcud sitiuasiya Paşinyanın növbəti qələbəsi kimi dəyərləndirilməlidir. Müxalifətin dirənişi getdikcə daha da zəifləyəcək. Bizim üçün müsbət olanı isə odur ki, Paşinyan Azərbaycan, Ermənistan və Rusiya ilə imzalanan sənədlərin icrasında nisbətən daha rahat hərəkət etmək imkanı qazandı”. 
pressaz.info xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Ermənistan Prezident Adminstrasiyasının Baş Qərargah rəisinin istefası məsələsinin Baş Nazirin səlahiyyətində olması barədə açıqlamasını dəyərləndirərkən politoloq Natiq Miri deyib.
Həmsöhbətimiz əmindir ki, Ermənistanda yaranmış hazırkı situasiya baş naziri Nikol Paşinyanın prezident Armen Sarkisyanla görüşündən sonra yaranıb:
“Hiss olunur ki, bu görüşdə müəyyən siyasi bazarlıq və konkret qarşılıqlı vədlər olub. Müşahidə olunanlar isə həmin siyasi bazarlığın nəticəsidir və bilavasitə Nikol Paşinyanın siyasi maraqlarına uyğun  davranışdır. Kritik vəziyyətdə Paşinyana hərbi çevrilişə cəhdi zərərsizləşdirmək üçün mütləq mənada etdiyi müraciətinin prezident tərəfindən dolayısı ilə dəstəklənməsi lazım idi ki, o da buna nail oldu”. 
N. Miri bildirdi ki, Armen Sarkisyan özünün gələcək siyasi karyerası barədə düşünürək, yaranmış insidentlə bağlı sonda belə bir mövqe tutub:
“Armen Sarkisyan müəyyən siyasi maraqlardan çıxış edib. O Paşinyan hakimiyyətdən gedəcəyi halda özünün gələcək siyasi perspektivi barədə düşünür.  Bunun təsdiqidir ki, Paşinyanla görüşdə gələcəkdə prezidentin səlahiyyətlərinin artırılması məsələsi müzakirə olunub.  Bu gedişlə Sarkisyan Baş Qərargah rəisinin istefasına hüquqi yolu açmış oldu”.
Politoloqun fikrincə, Sarkisyan Paşinyanla razılığa gəlməsəydi öz karyerasını təhlükə altına qoyacaqdı: 
“Son mitinqlər göstərdi ki, hələ də Ermənistanda Paşinyana alternativ olacaq siyasi mərkəz mövcud deyil.  Bu amil də Armen Sarkisyana başqa seçim imkanı vermirdi.  O, Paşinyanla razılaşmasaydı,  baş nazir prezidentin hərbi çevrilişə cəhddə iştirak etdiyini bəyan edəcəkdi. Bu isə gələcəkdə prezidentin impiçmentinə yol aça bilərdi. Ona görə də Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanı qurban verərək, daha çox öz marağına uyğun yolu seçdi”.




Loading...