Azərbaycan hakimiyyətində idarəçiliyə yanaşmada dəyişiklik baş verməsə, min ramiz mehdiyevlər, ziya məmmədovlar, zakir qaralovlar vəzifədən atılsın, yenə pozitiv istiqamətdə nəticə əldə etmək mümkün olmayacaq. Bunu 2018-ci ildən edilən kadr dəyişiklikləri və köhnə qvardiyanın yerinə gətirilən yeni məmurların, nazirlərin fəaliyyəti təsdiqləməkdədir. Müşahidələr deməyə əsas verir ki, hakimiyyət problemlərin həllinə doğru müəyyən addımlar atmasına baxmayaraq, fundamental şəkildə irəliləyiş əldə olunmayıb.
Reportyor.info-nun Siyasət Şöbəsi yazır ki, sabiq nazirlərin talan siyasəti, xalqdan qazandıqları nifrət, ölkədə yaratdıqları gərginlik, əsassız yerə vətəndaşların incidilməsi, süründürməçilik, korrupsiya, xalqla iqtidarın üz-üzə qoyulması öz yerində, amma onları əvəzləyən komanda mütləq şəkildə əhalini qane edən qərarlar verməliydi, vətəndaşlarla işləməyi bacarmalıydılar.

Amma biz nə görürük; Prezident Administrasiyasına rəhbər təyin olunan Samir Nuriyevdən başlayaraq nazirlərə, ASC sədrlərinə, komitə rəhbərlərinə, gənc icra başçılarına qədər heç biri xalqın ürəyinə yol tapmayıblar. Gəlin ümumi vitrinə nəzər salaq və məlum olacaq ki, xalq “Azəriqaz” ASC-dən “Azərişıq” ASC-yə, Dövlət Gömrük Komitəsindən Təhsil Nazirliyinə qədər hamıdan narazıdır, şikayətçidir.
Bu da ondan irəli gəlir ki, ölkənin təhsil, səhiyyə, gömrük, maliyyə, bank sektorları, o cümlədən yerli icraetmə orqanları, məmur korpusu bərbad vəziyyətdədir. Çünki xalqa münasibət, idarəçilik modeli, sistem dəyişməyib. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin baxışlarına, tələblərinə, xəbərdarlıqlarına uyğun gəlmir, onun mövqeyini əks etdirmir, istəklərindən çox-çox uzaqdadır, siyasi kursuna zidd fəaliyyətdir.

Onu da demək yerinə düşər ki, icra başçılarının rayonlara qazanc mənbəyi, nazirlərin kreslosuna dədə-baba malı, dövlətin büdcəsinə şəxsi cibi kimi baxmasına yanaşma dəyişməsə, ölkənin tərəqqisi üfüqdə görünə bilər. Bu, etimadı doğrultmalı olan yeni məmurların da üzərinə düşən əlahiddə missiyadır.
Reportyor.info bildirir ki, 2018-ci ildən sonra götürülən yeni kurs, “ağ inqilab” modeli məhz köhnə və ənənəvi idarəçilikdən imtinaya hesablanmışdı. Cəmiyyətdən gözləntilər varıydı ki, məmuriyyət xalqın xidmətçisi rolunda fəallıq göstərəcək.
Amma PA rəhbəri postunu tutmuş, R.Mehdiyev kimi iri fiqurun vəzifəsinə yiyələnmiş S.Nuriyev başda olmaqla əksər məmurlar Prezidentin görmək istədiyi reallığın əks sahilində dayanırlar. İndiyə qədər cəmiyyət PA rəhbərinin kimliyini tanımır, vətəndaşlar üzünü nrmal görməyiblər, ən az onlayn qəbulları ilə seçilməyib.

Demək olar ki, hər gün müxtəlif sosial problemlərlə üzləşən, hüquqları tapdanan vətəndaşlar PA önünə şikayətə gəlir: kimisi tikinti firmasının qurbanıdır, kimisi qazidir, icra başçısı haqqını pozub, kimisi süründürməçiliyə məruz qalıb, amma bütün bunlara S.Nuriyevn reaksiası sıfıra bərabərdir.
Pandemiya dövründə heç olmasa sosial şəbəkə üzərindən canlı yayım təşkil etmək, vətəndaşları dinləmək, suallarının bir qismini cavablandırmaq olardı.
Eyni sözləri təhsil naziri Emin Əmrullayev, Diasporla iş üzrə Dövlət Komitəsi sədri Fuad Muradov, sosial müdafiə naziri Sahil Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bank sədri Elman Rüstəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova, Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev və adını çəkə biləcəyimiz onlarla məmur, nazir, icra başçılarına aid etmək olar.
Bu günə kimi gənc icra başçılarından, hansı ki hər biri gündəlik sosial şəbəkədən istifadə etmək bacarığına malikdir, qoca məmurlardan fərqli olaraq müasir dünya ilə ayaqlaşa bilir, onların heç biri rayon sakinləri ilə onlayn qəbullar keçirməyiblər.
Nə Neftçala icra başçısı Mirhüseyn Seyidov, nə Ağstafa İH rəhbəri Seymur Orucov, nə də İsmayıllıya rəhbərlik edən Nahid Bağırov bu baxımdan yaşlı həmkarlarından fərqləniblər. Halbuki, bölgələrdə sadə insanların, fermerlərin, sahibkarların saysız-hesabsız problemləri mövcuddur.

Prezident heç də vətəndşaların bütün şikayət məktublarına vaxt ayırmalı, hər kiçik problemə diqqət yetirməli deyil. Onun yerlərdə təyin etdiyi səlahiyyətli nümayəndələri var, hər birinə tapşırıb ki, düzgün işləsinlər, onlardan şikayət gəlməsin. Bu istiqamətdə ictimai nəzarətin də güclənməsinin vacibliyini vurğulamışdı.
Beləliklə, bizim müşahidələrimiz, təhlillərimiz o qənaəti hasil edir ki, hakimiyyət postpandemiya dövrünə xüsusi hazırlaşmalı, sosial-iqtisadi idarəçilikdə sistemli dəyişikliklər həyata keçirməlidir…




Loading...