Gözlərinə qəm ələnib,
Bilirəm, orda qəribsən.
Öz daşında öz canınla,
Mamır kimi göyəribsən-
Şuşam, ay Şuşam!

Hər gün fikrim çəkir səni,
Sözə hədəf eləyirəm.
Elə bilmə, günüm xoşdu,
Mən burda kef eləyirəm-
Şuşam, ay Şuşam!

Gözlərim utanar, deyə,
Güzgüyə də baxmıram, heç.
Sual verəndə ölürəm,
El içinə çıxmıram, heç-
Şuşam, ay Şuşam!

Camalına əl dəyəli,
Ürküdüb arı, bülbülü.
Yad masaları bəzəyir,
Dağların “Xarı bülbül”ü-
Şuşam, ay Şuşam!

Adınla öyünənlərin,
Ortada biri də, yoxdu.
Hamı ölü kimi gəzir,
Elə bil diri də yoxdu-
Şuşam, ay Şuşam!

Gələn vəd verib, qayıdır,
Torpaq vədlə qaytarılmaz.
Gəlib qapıya dirənən,
Bu sərhədlə qaytarılmaz-
Şuşam, ay Şuşam!

Barlardan şəklin asılıb,
Özün düşmən girovunda.
Sanki unutmuşuq səni,
Hərə bir kefin ovunda-
Şuşam, ay Şuşam!

Biz nəyə gərəyik, belə?
Bu lal dillə, kəsik başla,
Elə nağıl uydururuq,
İşimiz yoxdu savaşla-
Şuşam, ay Şuşam!

Dərbəndi belə unutduq,
Təbriz də yadlaşdı, belə.
Yüz ildən çoxdu, İrəvan,
Təpəmizdə daşdı belə-
Şuşam, ay Şuşam!...




Loading...