Ermənistanın baş naziri Nikol Paşinyan 8-9 aprel tarixində Moskvaya səfər edəcək. Bu haqda yazan erməni mənbələr Moskvada kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda (İlham Əliyev, Putin və Paşinyan) yeni sənədin imzalanacağını iddia edirlər.

Söhbət hansı sənəddən gedir?

Regionda kommunikasiyanın açılması məsələsi iki bəyanatda əksini tapıb:

– 10 noyabr razılaşmasının 9-cu bəndi;
– 11 yanvarda Moskvada qəbul olunan 4 bənddən ibarət bəyanat;

Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Üç ölkənin baş nazir müavinləri səviyyəsində keçirilən intensiv görüşlərin müzakirə mövzusu də bu tarixə qədər detalların razılaşdırılmasıdır. Mümkündür ki, 11 yanvar Moskva görüşündə kommunikasiyanın bərpası üzərində rəsmi sənədin imzalanması planlaşdırılıbmış, lakin tərəflərin mövqeləri buna imkan verməyib.

Azərbaycan: 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunlarının Qarabağdan tamamilə çıxarılması – reallaşmadan sənədi imzalamaq istəmir;

Ermənistan: əsirlərin qaytarılmasını istəyir; Paşinyanın görüşdən sonra “əsirlərlə bağlı razılıq əldə olunmadı” sözləri də bunu deməyə əsas verir;

Bunun fonunda detalların razılaşdırılması ilə bağlı danışıqlara da ehtiyac var idi: Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə üzərindən manipulyasiya etdiyini bilirik.

İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesaj, “Ermənistanı buna məcbur edəcəyik” sözləri Bakının mövqeyində israrlı olduğunu göstərirdi və Ermənistan bu israr qarşısında geri çəkildi: Paşinyan bəyan etdi ki, “Naxçıvan dəhlizi (Zəngəzur) təkcə Azərbaycan yox, həm də Ermənistana xeyirdir”.

Paşinyanın erkən parlament seçkilərini təyin etməsindən sonra belə açıqlama verməsi də indiyə qədər sərgilədiyi mövqeyin həm də daxili siyasi proseslərdən qaynaqlandığını deməyə əsas verir.

Nəticə bəllidir: Əliyev Ermənistana xəbərdarlıq etdi, Paşinyan razılaşdı və Moskvada mümkün növbəti görüşdə Zəngəzur dəhlizinin də yer aldığı kommunikasiyanın bərpası üzərində sənəd imzalana bilər.

Burada iki məqam yenidən aktuallaşır:

1. Sənəd imzalanana qədər erməni hərbi birləşmələri Qarabağdan çıxarılacaqmı?

Bu prosesin başladığına dair məlumatlar var:

– Qarabağda qalan 20 minlik erməni qoşunu çıxarılır: önümüzdəki həftələrdə, mümkündür ki, Moskva görüşünə qədər bu reallaşacaq (dünən bu haqda yazmışdıq);

– Ermənistan Qarabağa hərbi çağırışçı göndərmir: sülhməramlıların nəzarətindəki bölgədə təxmini 5 minlik “yerli qüvvələrdən” ibarət “ordu” saxlanılır (Bakının indiki mərhələdə buna səssiz qalması da səbəbsiz deyil);

Ermənistan bunu rəsmi şəkildə təsdiqləmir, seçkilərə görə təsdiqləməyəcək də.

2. Ermənistanın “əsirlər tələbi” yerinə yetiriləcəkmi?

Bakı bununla bağlı mövqeyini ifadə edib: müharibədən sonra əsir götürülən 62 (73 olduğu da deyilir) erməni terrorçudur;

Ermənistan mediasında Azərbaycanda 200-ə yaxın əsirin qaldığı iddiaları səslənir, hərçənd, rəsmi Bakı ən yüksək səviyyədə əsirlərin qaytarıldığını bəyan edib. Maraqlıdır ki, Azərbaycan Prezidenti əsirlərin qaytarıldığını məhz Zəngəzur dəhlizi ilə bağlı mesaj verərkən bildirmişdi və burada iki versiya yaranır:

– İlham Əliyev Ermənistana “Zəngəzur dəhlizi açılmasa, əsirlər qaytarılmayacaq” mesajını çatdırmaq üçün bunu demişdi;

– Bakının bütün tələbləri yerinə yetiriləndən sonra 62 (73) terrorçunun qaytarılması istisna deyil: bu terrorçuları sona qədər saxlamaq da lüzumsuzdur;

Bu kontekstdə “Kommersant” nəşrinin yazdıqları diqqət çəkir: “Azərbaycan üç şərtinin qəbul olunacağı təqdirdə 73 diversantı Ermənistana qaytara bilər: 1. Qarabağdakı erməni qoşunu tamamilə çıxarılır; 2. Naxçıvanın Kərki kəndi qaytarılır; 3. Qırmızı Bazardan Şuşaya gedən yol Azərbaycan ordusuna təhvil verilir;”.

Birinci şərt: qeyd etdiyimiz kimi, bununla bağlı prosesin başladığı ehtimalı böyükdür və mümkün Moskva görüşünə qədər reallaşa bilər;
İkinci şərt: Kərki kəndi ilə yanaşı, Qazaxın 7 kəndinin də təhvil verilməsi gözləniləndir; bölgədə demarkasiya işlərinin getdiyinə dair məlumatlar mütəmadi olaraq yayılır;

Üçüncü şərt: Qırmızı Bazar yolunun Ordumuza təhvil verilməsi ilə bağlı da məlumatlar yayılmışdı, hətta erməni mənbələr bunun qarşılığında 30 “əsirin” qaytarılacağını da yazırdı; bu yol strateji önəmə sahibdir:

– Şuşaya gedən yol qısalır: buradan şəhərə 35 kilometrlik asfalt örtüklü yol var;

– Ermənilərin Xocavəndlə əsas əlaqəsi ordumuzun nəzarətinə keçir;

– Bu yol həm də Xankəndinə qısa zamanda çıxışı təmin edir: anti-terror əməliyyatına zərurət yaranarsa, yolun əhəmiyyəti iki qat artır;
Paşinyanın seçkidən öncə bu şərtlərin hamısını, xüsusilə Kərki və Qazaxın 7 kəndi, yerinə yetirməsi çətin görünür, bu baxımdan, digər iki şərtin yerinə yetirilməsindən sonra “əsirlərin” bir qisminin saxlanılacağı, yaxud məhz seçkilər ərəfəsində qaytarılacağı da mümkündür: bu, rəsmi Bakının Ermənistanın daxili siyasətinə yön verməsi siyasətinə də hesablanmış ola bilər;

Bütün bunların fonunda Bakının ağıllı oynadığı diqqətdən qaçmamalıdır və indi gözlər mümkün Moskva görüşünə (8-9 apreldə ola bilər) dikilib. Görüş olacaqsa, kommunikasiyanın bərpası ilə bağlı rəsmi sənəd imzalanması gözlənilir və ona qədər 10 noyabr razılaşmasının 4-cü bəndinin – Qarabağdakı erməni qoşunların çıxarılması – yerinə yetiriləcəyi istisna deyil. /savash.org/




Loading...