Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, məhz Minsk qrupunun səmərəsiz fəaliyyəti, Ermənistanın qeyri-konstruktiv mövqeyi uğur əldə olunmasına imkan vermədi. 44 günlük Vətən müharibəsinin nəticələri isə regionda tamamilə yeni reallıq yaradıb. Bu müharibə yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə də yeni situasiya formalaşdırıb. Azərbaycan müharibədə qalib gəlməklə, cənab Prezidentin də qeyd etdiyi kimi, regionda yeni təhlükəsizlik formatı yaradılmasına nail olub. Eyni zamanda, yeni iqtisadi əməkdaşlıq perspektivləri yaranıb.  
Prezident İlham Əliyevin çıxışlarında əksini tapmış fikirlər Azərbaycan dövlətinin yeni reallıqlar fonunda gələcəyə strateji baxışını əks etdirir.  Xalqın milli həmrəyliyi və dövlət başçısı ətrafında sıx birləşməsi, Yeni Azərbaysan Partiyasına 6 siyasi təşkilatin qosulması   bu gün ölkənin təkcə hərbi və iqtisadi müstəvisində deyil, eyni zamanda siyasi məkanda da milli birliyin mövcudluğundan xəbər verir.   
Məlum olduğu kimi, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli 
Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət edib və Yeni Azərbaycan Partiyasının VII qurultayında həmin siyasi partiyaların YAP-a qoşulmasına dair qərar qəbul edilib. Həmin partiyaların birgə fəaliyyəti daha məqbul hesab etmələrini sadəcə alqışlamaq olar. Bu qərar həmçinin, ölkədə demokratik ənənələrin inkişafı baxımdan da təqdirəlayıq hesab olunmalıdır. YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu istək və meyllər, eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir. Müharibədə qazanılan möhtəşəm zəfərdən əvvəl də xalqın   dövlətə olan inam və rəğbəti açıq hiss olunurdu. Belə ki, hakimiyyət eşalonunun bütün strukturlarında aparılan uğurlu kadr islahatları, xalqın nifrət etdiyi məmurların cəzalandırılması, bütün sahələrdə eyni zamanda aparılan təmizlənmə əməliyyatları, sosial proqramların davamlı olaraq həyata keçirilməsi bu inamı gücləndirən əsas amillərdən idi.  
Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlara start verilməsi ölkədə yeni ictimai-siyasi şəraitə yol açdı. Təsadüfi deyil ki, hazırda Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidarmüxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyin daha da güclənməsinə, inkişafına şərait yaradıb.  Belə ki,   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas prinsipinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapmaqdadır. 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsi sayıla bilər. Həmin  partiyaların YAP-a qoşulması bu baxımdan iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir. Qeyd edək ki, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir.  
Lakin bütün bu uğurlar heç də asanlıqla qazanılmayıb. Erməni lobbisinin onilliklər boyu apardığı fitnəkar təbliğat ölkəmizi beynəlxalq birliyin hədəfinə çevirmişdi. Çox az ölkə 30 il boyu bizim haqq işimizi dəstəklədi ki, buna misal olaraq qardaş Türkiyə və Pakistanı göstərmək olar. Ölkə başçısının səbrlə, uzun illlər ərzində, o cümlədən 44 günlük müharibə boyu apardığı çoxşaxəli fəaliyyətinin nəticəsində dünyanın bizə olan münasibəti müsbətə doğru kəskin dəyişdi. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə xarici KİV-lərə 30-dan artıq müsahibə verməsi də dünya miqyasında bizim haqq işimizin təbliğində müstəsna rol oynadı.  
Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransını bu baxımdan, tarixi hadisə adlandırmaq olar. Azərbaycanda ilk dəfə idi ki, ölkə rəhbəri 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını fasiləsiz cavablandırırdı. Mətbuat Konfransının Xocalı soyqırımının 29-cu ildönümü gününə təsadüf etməsi isə xüsusi əhəmiyyət daşıyırdı. Məhz Xocalı faciəsi qurbanlarının anım günündə soyqırım həqiqətlərinin ölkə başçısı tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni barbarlığının, erməni faşizminin təkzibolunmaz faktlarla ifşasının nüfuzlu KİV-lərin manşet xəbərlərində tirajlanması informasiya cəbhəsində növbəti böyük qələbəmiz oldu. Dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş jurnalistlər üçün Prezident İlham Əliyevin açıqlamaları, verdiyi mühüm mesajlar kifayət qədər böyük maraq kəsb edirdi. Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra regionda yaranan yeni reallıqlar fonunda media nümayəndələrinin müxtəlif suallara cavab axtarışı ilə paytaxta gəlişi, ölkəmizə xüsusi diqqət ayırmaları dövlət başçısının şəxsi nüfuzunun və dünya müstəvisində liderliyinin göstəricisidir. Sözügedən müsahibələrdə Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini, bu ölkənin əsl təcavüzkar mahiyyətini ifşa etdi. 44 gün ərzində həm döyüş meydanında, həm də informasiya cəbhəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. Ölkə başçısının Qarabağ mövzusunda heç nədən, heç kimdən çəkinmədən, bütün təzyiqlərə rəğmən, qətiyyətli mövqe ortaya qoyması və tarixi faktlara istinadla verdiyi müsahibələrdən sonra Azərbaycana qarşı qərəzli fikirlər müəyyən mənada müsbətə doğru dəyişməyə başladı. Əlbəttə bu, ilk növbədə beynəlxalq medianın Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi Azərbaycana artan diqqətindən xəbər verir. Artıq dünya mətbuatının ölkəmizə münasibəti xeyli dəyişib. Əvvəllər Azərbaycan həqiqətlərinə biganəlik nümayiş etdirən, haqq səsimizi eşitmək istəməyən əcnəbi media mənsubları indi mövcud reallığı öz gözləri ilə görməyə, işıqlandırmağa can atır. Hazırda  regionda vəziyyət tamamilə fərqlidir, Azərbaycanın yaratdığı geosiyasi reallıq dünya mediasının da diqqətini cəlb edir. Ölkə başçısı müsahibəsində Xocalı və Qarabağ həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə vacib mesajlar da çatdırdı. Həmçinin Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər, hədəflər göstərildi. 4 dildə müsahibə verən yeganə dövlət başçısı kimi tarixə düşən Prezident İlham Əliyev ikinci Qarabağ müharibəsindən sonra ictimaiyyəti narahat edən bəzi suallara konkret faktlar əsasında detallı şəkildə cavab verməklə vətəndaşlarımız üçün qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirdi: “Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar. O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. 
Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. 
Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır". Bundan əlavə, dövlət başçısı Ermənistanda revanşizm fikrinə düşənlərə də açıq mesaj verdi. Erməniləri belə təxribatçı fikirlərdən daşınmaya çağıran Prezident "dəmir yumruğun" yerində olduğunu xatırlatdı. Müsahibə əsnasında azad edilmiş torpaqlarda ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verən ölkə rəhbəri erməni vandalizminin iç üzünü növbəti dəfə dünyaya nümayiş etdirdi. Prezident, həmçinin azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri, Böyük Qayıdışla bağlı planlardan da söz açdı. Qeyd etdi ki,  inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Belə ki, Aeroport ilə yanaşı, Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar. Prezident diqqətə çatdırdı ki,  Qarabağda böyük iqtisadi layihələr icra olunacaq:" Böyük şəhərlərin baş planları tərtib edilməlidir. Misal üçün, Ağdam şəhəri. Müharibədən əvvəl orada təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün güclər də səfərbər edilib. Bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər. Dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var." 
Dövlət başçısı həmçinin qeyd edib ki, Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib:" İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq." 
25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, həmişə olduğu kimi,  şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir. Belə ki, şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir. Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstərilir. Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcək. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək.  
Son olaraq qeyd edim ki, bu gün nəzərdə tutulan nəhəng proqramlar müstəvisində biz pedaqoqların da üzərinə böyük məsuliyyət düşür. Bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdilər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edildi. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı gənc nəsil üçün örnək olmalıdır və biz bu işi ləyaqətlə yerinə yetirməliyik. Biz onları tanıtmalı, hər bir Şəhidimizin, qazimizin şanlı döyüş yolunu gənc nəslə çatdırmalıyıq. Praidentimizn də qeyd etdiyi kimi,  Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət nümayiş etdilər. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, 
Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib   torpaqlarımızı işğaldan azad etdilər. Bu, tarixi hadisədir. Bu tarixi gənclərimiz yazdı və bizim borcumuz yeni qəhrəmanlıq tariximizi gələcək nəsillərə çatdırmaq və gənc nəsli bu igidlik nümunlələri ilə əsil vətənpərvərlər kimi yetişdirməkdir. Çünki Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Azərbaycan bu müharibədə bütün dünyaya öz gücünü göstərdi. 
Həqiqət Məmişova Kəlbəcər rayonu 84 nömrəli  tam orta məktəbin direktoru!   




Loading...