“Əslində Ermənistanın Qarabağa gizli şəkildə hərbçi göndərməsi heç bir sağlam məntiqə söykənmir. O baxımdan ki, bu gün Ermənistanın Azərbaycanla yeni bir müharibə aparmağa nə iqtisadi gücü, nə hərbi potensialı, nə də ki, əzmi və iradəsi yoxdur”.
Pressaz.info xəbər verir ki , bu sözləri politoloq Ceyhun Əhmədli deyib.
“Erməni xalqı 44 günlük müharibədə elə ağır travma aldı ki, inanmıram, bir daha onlar Azərbaycana qarşı yeni bir müharibə həvəsinə düşsün. Hər bir halda Ermənistan rəhbərliyi bu əməllərə görə məsuliyyət daşıyır. Bu, həm də beynəlxalq təşkilatlar üçün həyəcan təbili olmalıdır ki, onlar Ermənistana təzyiq etmək zərurətini hiss etsinlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən bildirdi ki, biz müharibə səhifəsini bağlayaraq regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına hazırıq. Artıq Azərbaycan dövləti bu istiqamətdə böyük təşəbbüslər irəli sürmüş və bu təşəbbüslərə region ölkələri olduqca çox müsbət yanaşma sərgiləmişdir. Ermənistan da bu prosesdə iştirak edərək regional inkişaf və təhlükəsizliyə töhfə verə bilər. Bu, erməni xalqının gələcək firavanlığı və təhlükəsizliyi baxımından da yeganə çıxış yoludur. Bir sözlə, Azərbaycan Ermənistan da daxil olmaqla, bütün region ölkələrinə yeni inkişaf perspektivləri təklif edir”-analtik vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu təklifləri dəyərləndirmək üçün Azərbaycana qarşı işğalçılıq siyasətinə birdəfəlik son qoymalıdır: “Əks halda, gedişat Ermənistana yalnız fəlakət vəd edə bilər. Hətta erməni ekspertlər də etiraf edirlər ki, yeni bir müharibə Ermənistanın bir dövlət olaraq məhvi ilə nəticələnə bilər. Ona görə də Ermənistan hakimiyyəti sağlam düşüncə ilə hərəkət edərək Azərbaycana qarşı işğalçılıq siyasətinə birdəfəlik son qoymalıdır. Ermənistanın arxalandığı qüvvələr kimlərdirsə, görünür, onların iki məqsədi var: Birincisi, regionda daima münaqişə şəraiti olsun, ikincisi, Ermənistan adlı dövlət dünyanın siyasi xəritəsindən silinsin”.
“Ona görə də beynəlxalq qurumlar əgər həqiqətən də regionun sabitliyində maraqlıdırlarsa, Qarabağa gizli yolla hərbçi göndərdiyinə görə Ermənistana təzyiq etməli və onu bu yoldan çəkindirməlidir. Azərbaycanın isə “Dəmir yumruğu” hələ də yerindədir. Biz hər bir şəraitə uyğun olaraq öz milli təhlükəsizliyimizi və ərazi bütövlüyümüzü qoruyacağıq. Erməni faşizminin yenidən baş qaldırmasına heç bir halda imkan verməyəcəyik”-deyə, Əhmədli fikrini yekunlaşdırıb.Busaat.az




Loading...