Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə jurnalist Paylak Fahradyana hücum edib.

Bununla bağlı videogörüntüləri “Mediaport” teleqram kanalı paylaşıb.

Videomaterialda jurnalistin kompüter qarşısında əyləşərək işlədiyi əks olunur. Bu vaxt nazir ona yaxınlaşaraq əlini dartır, sonra üzünə yumruq vurur. Nazir bundan sonra kompüterə zərbə endirir.

Hadisədən sonra jurnalist feysbukdakı səhifəsində birbaşa yayıma çıxıb. "Mən nazirə yaxınlaşdım və soruşdum ki, niyə iş vaxtını kafedə keçirirsiniz? Arşakyan dedi ki, gecə işləyir və onun üçün bütün saatlar iş vaxtıdır. Bundan sonra o kamera ilə çəkilişi dayandırmağımı xahiş etdi.

Mən bunu edəndə nazir dedi ki, uzun müddət bu günü yadda saxlamalı olacam. Məni hədələməyə başladı. Cavabında bildirdim ki, əgər sən nazirsənsə, bu, o demək deyil ki, mənimlə belə tonda danışmalısan. Bundan sonra kompüterlə işləmək üçün yuxarı qalxdım. Arşakyan da yuxarı qalxdı və mənə hücum etdi. Budur, əlimə baxın, o, xəsarət yetirib. Arşakyan vurdu və kompüterimi də vurub xarab etdi. Masanın üzərindəki telefonuma da xəsarət yetirib", - jurnalist deyib.

Qeyd edək ki, Baş Prokurorluq Farhadyana hücum haqqında məlumatı iş üzrə materialların hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə göndərib.





Loading...