“Tarixdə və müasir dövrdə adətən savaşdan çıxmış ordular bir müddət dincəlir, toparlanır. Amma 44 günlük savaşdan dərhal sonra müzəffər Azərbaycan ordusu dərhal hərbi təlimlərə başlayıb. Artıq qardaş Türkiyə dövləti ilə bir neçə hərbi təlimlər keçirilib. İndi isə 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu hərbi təlimlər keçirir. Bu, Vətən müharibəsindən sonra həyata keçirilən ilk genişmiqyaslı təlimdir”.
Bu açıqlama ilə millət vəkili Aqil Məmmədov çıxış edib.
A.Məmmədovun sözlərinə görə hazırkı təlimlər digərlərindən fərqlənir. Müharibəyə qədər də Azərbaycan Ordusu mütəmadi olaraq irimiqyaslı təlimlər həyata keçirirdi. Onların ssenarisi Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı idi. Lakin artıq işğalçı qüvvələr darmadağın edilib və ərazi bütövlüyü bərpa olunub. İndi isə biz ordumuzun döyüş potensialını qaldırmaq üçün plan-proqram üzrə nəzərdə tutulmuş tədbirlər həyata keçiririk. Bu təlimlərin məqsədi təlim iştirakçılarının öz vəzifə borclarını yerinə yetirmələrində keyfiyyəti yüksəltmək, ordunu təkmilləşdirməkdir. Hazırda Azərbaycan Ordusu xırda qruplarla təşkil edilə biləcək digər təxribatların qarşısını almaq niyyətindədir”.
Millət vəkili bildirir ki, Azərbaycanın budəfəki təlimləri Ermənistanda və Qarabağda revanşist düşüncələrlə yaşayanlara ciddi siqnaldır: “Azərbaycan üç ölkə tərəfidən imzalanmış razılaşmanın icra edilməsində israrlıdır. Çünki, məhz bu razılaşmadakı müddəaların icra ediləcəyinə verilən yüksək səviyyəli qarantiyaya görə Azərbaycan atəşi dayandırıb və bu sənədə imza atıb.  Bu təlimlər göstərir ki, Cənab Prezidentin dediyi kimi “Dəmir yumruq” öz yerindədir, daha da güclənir. Demək, Azərbaycanın istənilən növbəti hücum zərbəsi daha öldürücü olacaq. Bu baxımdan, hərbi təlimlərin konkret məqsədə xidmət etdiyi şübhəsizdir”.




Loading...