Milli Məclisin deputatı Aqil Məmmədov Xəzər rayonu Buzovna qəsəbəsində məskunlaşmış kəlbəcərli məcburi köçkünlərlə növbəti görüşünü keçirib.
Karantin qaydalarına uyğun şəkildə təşkil edilmiş görüşdə daha çox işğaldan azad edilmiş torpaqlarda, xüsusilə, Kəlbəcər rayonunda yenidən məskunlaşma, bu prosesdə məcburi köçkünlərin iştirakı kimi məsələlər müzakirə olunub.
Deputat Aqil Məmmədov ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan dövlətinin böyük qayıdışla bağlı həyata keçirdiyi kompleks tədbirlər, nəzərdə tutulan proqramlar, bu məqsədlə yaradılmış Qarabağ Dirçəliş Fondu barədə ətraflı məlumat verib. Bildirib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması və məskunlaşdırılması dövlətin 2030-cu ilə qədər qarşısına qoyduğu prioritet məqsədlərdən biridir: “Çox yaxşı haldır ki, məcburi köçkünlər, o cümlədən, kəlbəcərlilər hansısa sosial problemlərindən, qayğılarından daha çox qayıdış haqqında düşünür, qayıdışla bağlı suallar verirlər. Bu amil, qayıdış prosesinə ən böyük mənəvi dəstək olacaq”.
Görüşdə çıxış edən məcburi köçkünlər dövlətin bu sahədə həyata keçirdiyi işləri yaxından izlədikərini bildirərək, çox da uzaq olmayan vaxtda Kəlbəcərə getməyi, yenidən orada qurub-yaratmağı səbirsizliklə gözlədiklərini söyləyiblər.




Loading...