"Qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına ardıcıl bir neçə dəfə yoluxmaq immunitetin zəifliyindən xəbər verir. Xüsusilə pandemiya dövründə immun sistemi güclü olmayanlar daha çox xəstələnir. Orqanizm stress, qeyri-müəyyən həyat tərzi, digər xəstəliklərdən zəiflədikdə virusa yoluxma halı daha çox müşahidə edilir".
pressaz.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.  
Hər bir orqanizmin immun sisteminin fərqli olduğunu deyən baş infeksionist vurğulayıb ki, immun sisteminin zəifləməsinə səbəb olan amillər sırasına qeyri-sağlam həyat tərzi, düzgün qidalanmamaq, stresə meyllik, hipodinamiya, yəni fiziki fəallığın az olması, yaş artdıqca orqanizmə müxtəlif xroniki xəstəliklərin toplanması və onların verdiyi ağırlaşmalar daxildir: 
"Bədəndə mikrobların aradan qaldırılmasına nə qədər çox ehtiyac duyularsa, bir o qədər çox qoruyucu reaksiyalar baş verir. İmmun sistemi zəif olduqda isə orqanizm xəstəliklərə qarşı mübarizə apara bilmir. Həkimlər deyir ki, xüsusilə soyuq mövsümdə vitamin və minerallarla zəngin qidalar qəbul edilməli, bədənin kənar təsirlərə qarşı müdafiəsi gücləndirilməlidir".
T.Eyvazovun fikrincə, qidalanma zamanı orqanizmə lazım olan vitamin və minerallar üstünlük təşkil etməlidir: "Yuxu rejiminə düzgün əməl olunmalıdır, çünki yuxuda immun hüceyrələrinin sayı artır. İnfeksiyaya qarşı müqavimətin gücləndirilməsinin digər bir yolu isə süni immunitetin yaradılmasıdır. Yəni vaksinasiya kütləvi şəkildə aparıldıqda infeksiyaya qarşı da dözümlülük yaranacaq”.
Baş infeksionist qeyd edib ki, yüksək immunitet sağlamlığın fundamentidir: 
"Onun olmaması virusun yaranma hallarını qaçılmaz edir. Yaşlanma ilə əlaqədar bədəndəki biokimyəvi funksiya pozuntuları hüceyrələrdən orqanlaradək bir çox proseslərdə dəyişikliklərə səbəb olur və immun sisteminə də təsir göstərir. Ona görə də mütəxəssislər soyuq aylarda, xüsusilə, yaşlı insanların infeksiyalardan qorunmasına diqqət yetirməyi tövsiyə edirlər".




Loading...