“Hər dəfə ictimai tələbdən, qınaqdan danışanda, cəmiyyətin inkişafının ancaq bundan asılı olduğunu deyəndə çoxları razılaşmır. Azərbaycanda əksəriyyət o fikirdədir ki, hər şey Prezident və Birinci vitse-prezidentən asılıdır və bütün problemlərin günahını da məhz onlarda görürlər. Bunun yanlış olduğunu söyləyəndə isə çoxları bu fikrin ancaq və ancaq kiməsə yarınmaq məqsədi daşıdığını fikirləşib məşhur “Balıq başdan iylənir” atalar sözünü misal çəkirlər. Bəziləri daha da irəli gedib Şimali və Cənubi Koreyanı misal çəkib deyirlər ki, iki ayrı-ayrı quruluş, idarəetmə bir Koreya xalqından iki bir-birinə zidd olan ölkə yaradıb. Birində azad cəmiyyət, inkişaf etmiş ölkə, firəvan yaşayan xalq, digərində isə avtoritar cəmiyyət, geridə qalmış ölkə və yoxsul xalq. Hesab edirəm ki, dərindən təhlil etməyənlər bunun həqiqətən də elə olduğunu düşünür və insanlardan heç nəyin asılı olmadığı, hər şeyin idarəetmədən, quruluşdan asılı olduğu qənaətindədirlər».

Demokrat.az
-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bu fikirlə razılaşmağını qeyd edib: “Bir daha deyirəm ki, hər şey cəmiyyəti təşkil edən insanların savadından, dünyagörüşündən, tələbkarlığından və çalışqanlığından asılıdır. Bəli, Cənubi və Şimali Koreyanı eyni xalq təşkil edir. Ancaq hər xalqın özü də insanlardan ibarətdir və bir-birilərindən fərqlənirlər. İnsanlar da savadlarına, tələbkarlığına, dünyagörüşlərinə, çalışqanlığına görə bir-birilərindən fərqlənirlər. Cənubi və Şimali Koreya bir-birilərindən bir gecənin içində bölünməyiblər, bu proses illərlə çəkib və nəticədə bir-birindən tam təcrid olan iki ölkə yaranıb. Bu iki ölkə arasında sərhəd çəkilənə qədər uzun müddət hər iki tərəfdə ideyalar, cəmiyyətin gələcək idarəçiliyi, quruluşu müzakirə predmeti, insanların seçim etmək şansı olub. Kommunizm ideyalarına inanıb hər şeyin pulsuz, əziyyətsiz olacağını, cənnətdə yaşayacaqlarına inanan ağıl sahibləri Şimali Koreyada qalıb, əksini düşünənlər isə Cənubi Koreyaya keçiblər, yaxud da əksi olub. Əlbəttə, bu zaman səhv edənlər, seçimində gecikənlər də olub. Məhz buna görə də illərdir bəzi koreyalılar həyatları bahasına da olsa Şimali Koreyadan qaçmaq istəyiblər və istəyirlər. Ancaq nəticədə hər biri ağıl və dünyagörüşlərinə görə arzuladıqları ölkələrdə qalıblar və bu gün də savadlarına, dünyagörüşlərinə uyğun cəmiyyətlərdə və ölkələrdə yaşayırlar. Sadəcə, dəyişik idarəetmələr insanların ağlına uyğun cəmiyyətləri daha qabarıq şəkildə formalaşdırıblar. Hər şeyi müftə, zəhmətsiz əldə etmək istəyənlər bu gün Şimali Koreyada, əksini, yaxşı yaşamaq üçün ağlın, zəhmətin vacib olduğunu düşünınlər isə Cənubi Koreyada yaşayırlar. Şəxsiyyətlərin tarixdəki rollarını danmıram, ancaq dəfələrlə dediklərimi bir daha xatırladıram. Ağ atlı oğlan yalnız nağıllarda olur. Reallıqda isə yaşam tərzimiz, yaşadığımız cəmiyyət ancaq bizim istəyimizdən, çalışmağımızdan asılıdr. Heç kim bizim əvəzimizə arzuladığımız cəmiyyəti yaratmayacaq. Bu ancaq bizdən asılıdır. Tək arzularla yaşayıb, özümüz savadlanmasaq, çalışmasaq, tələb etməsək, bütün günahları özümüzdən başqa hamıda görəcəyiksə onda daha çox çalışanlar, daha ağıllılar öz arzuladıqları cəmiyyətləri qurub istədikləri kimi də faydalanacaqlar. Tək arzu və istəklərlə heç nə həll olunmur. İnanmıram ki, rəhmətlik Əbülfəz Elçibəy qədər gözütox, bu xalqı sevən, ona xoşbəxtlik arzulayan ikinci bir insan ola. Ancaq həm onun idarəçilikdə bacarıqsızlığı, həm də bizim savad və dünyagörüşümüz bizim faciəmiz oldu”.




Loading...