Gənclər və İdman naziri Azad Rəhimovun uzun müddətdən bəri ABŞ-da müalicə olunması onun personası ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına səbəb olub. Tanınmış hökumət üzvünün qəfildən ölkəni tərk etməsi səs-küysüz ötüşməyib. 
Nazirin səhhətinin son dərəcə ağır olduğu, hətta tezliklə könüllü şəkildə vəzifəsiylə vidalaşacağı deyilsə də, bu xəbərlər öz təsdiqini tapmadı. Əvvəl mətbuat katibi, sonra isə müavini Azad Rəhimovun səhhətinin qənaətbəxş olduğunu, hətta okeanın o tayından nazirliyi yönəltdiyini iddia etdilər.
pressaz.info yenisabah.az-a istinadən xəbər verir ki, zad Rəhimovun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi bu günə kimi ictimaiyyətə açıqlanmayıb. Nazirin koronavirusa yoluxduğu, artıq çəki və ürəyindəki problemlər üzündən bu xəstəliyi ağır keçirdiyi bildirilsə də, bu məlumatlar rəsmi dairələr tərəfindən təsdiqlənmədi. 
Koronavirus xəstələrinin müalicəsi üçün Almaniya, Fransa kimi Avropa ölkələrində daha münbit şəraitin olduğunu nəzərə alanda Rəhimovun təyyarə ilə təxminən 17-20 saat yol qət edib ABŞ-a getməsi bir o qədər də inandırıcı görünmür. Nazirin koronavirusa yoluxduğuna dair xəbərləri sonradan onun yaxın ətrafı da təkzib etdi.
Azad Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkir? Məsələ burasındadır ki, bu iddialar da heç bir rəsmi qaynaq tərəfindən təsdiqlənmir. Müavininin və nazirliyin digər rəsmi şəxslərin dediyinə görə, o, hər gün tabeliyində olan şəxslərlə əlaqə saxlayır, onlara öz tapşırıqlarını verir. Aydın məsələdir ki, xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkən bir adam deyildiyi kimi aktiv həyat tərzi keçirə bilməz. Çox güman ki, bu informasiyalar dövriyyəyə planlı şəkildə buraxılıb. Məqsəd onu müzakirələrin episentrindən uzaqlaşdırmaq olub.
Bəs həqiqət nədən ibarətdir? Azad Rəhimov uzun müddətdən bəri ABŞ-da nə edir?
Apardığımız araşdırmalar zamanı məsələnin mahiyyətini öyrənməyə müvəffəq olduq. Gənclər və İdman Nazirliyində yüksək post tutan şəxslərdən biri saytımıza açıqlamasında Azad Rəhimovun adının hakimiyyətin “qara siyahısında” olduğunu deyib. Onuz sözlərinə görə, hakimiyyət komandasındakı etibarına görə Azad Rəhimov heç də Kəmaləddin Heydərovdan, Cahangir Əsgərovdan, Elçin Quliyevdən, Saleh Məmmədovdan yaxşı durumda deyil. Yol üstdə olan “köhnə qvardiya” təmsilçiləri arasında onun da adı var. İqtidar düşərgəsində Azad müəllimin ona göstərilən etimadı doğrultmadığa barədə çoxdan qənaət formalaşıb.
Mənbə deyib ki, nazir karyerasının son aylarını yaşadığını başa düşən Rəhimovun halı qəfildən pisləşib. Buna səbəb onun uzun müddətdən bəri ürək xəstəliyindən əziyyət çəkməsi göstərilir. Ürək ağrılarının şiddətlənməsi Azad müəllimi müalicə olunmaq məcburiyyəti qarşısında qoyub. Səhhətində yaranan problem bir növ nazirin köməyinə çatıb. O, hədəfdən yayınmaq üçün ölkəni tərk etməyə qərar verib. Nazirin müalicə üçün uzaq Amerikanı seçməsi xəstəliyin ciddiliyi barədə qənaət yaratmağa xidmət edir.
Nazirlik rəsmisi deyib ki, Azad müəllim vəzifəsiylə vidalaşmağa hazırdır. Onu ən çox narahat edən keçmiş həmkarı Səlim Müslümovun aqibətini yaşamaq qorxusudur. Nazirliyin fəaliyyətində aşkarlanan nöqsanlar bu ehtimalı daha da artırır. Nazirin ABŞ səfərinin uzanması da sırf bu amillə bağlıdır. Azad Rəhimov işdən çıxandan sonra azadlıqda qala biləcəyinə və sərvətinə toxunulmayacağına tam təminat alandan sonra Azərbaycana qayıdacaq.
Keçmiş nazirlə bağlı hansı qərarın veriləcəyini isə zaman göstərəcək. Zaman isə hələlik onu xəstəxana divarları arasında yaşamağa məhkum edib… 




Loading...