Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Emin Məmmədov "Azərxalça"nın rəhbəri təyin edilib.
Pressaz.info Publika.az-a xəbər verir ki, E.Məmmədov Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.
Emin Məmmədov yaradıcı sülalənin nümayəndəsidir. Atası Səlhab Məmmədov tanınmış heykəltəraş, Azərbaycanın Xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Emin Məmmədova fəxri üzv mantiyasını Rusiya Rəssamlıq Akademiyasının prezidenti, tanınmış heykəltəraş Zurab Sereteli təqdim edib.
O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Rəssamlıq fakültəsinin məzunudur.
Ötən ilin dekabrında Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Məmmədov Emin Səlhab oğlu Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Emin Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.
“Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, E.Məmmədovun qardaşı Elxan Məmmədov AFFA-nın baş katibidir və uzun illərdir Azərbaycan futbolu sahəsinə rəhbərlik edir.





Loading...