Bu şənbə bilmədik ki, jurnalistlərin düşməndən azad edilmiş Ağdam rayonuna səfəri, yoxsa Prezidentin köməkçisi Hikmət Hacıyevlə fotosessiya günü təşkil olunmuşdu.
Allah və sosial media istifadəçiləri şahiddir, heyətdə olanların hansının səhifəsinə göz atırsan, əksəriyyəti H.Hacıyevlə yan-yana, şad-xürrəm şəklini çəkdirib paylaşıb.
Heç cür anlamaq olmurdu ki, H.Hacıyevlə jurnalistlərin Ağdam görüşü təşkil edilmişdi, yoxsa 27 il erməni vandalizminin məhv etdiyi gözəl Ağdamdan faktları, reallıqları ictimaiyyətin nəzərinə bir daha çatdırmaq niyyəti ilə getmişdilər.
Bir “facebook” istifadəçisi də yazmışdı ki, H.Hacıyevlə şəkillərinizi paylaşmağı qurtardınızsa, Ağdamdan reportajlarınızı oxuyaq.
Hələ o da bir ayrı söhbətdir ki, vaxtilə eyni şəkli Prezidentin sabiq köməkçisi Əli Həsənovla çəkdirirdilər. Və hakimiyyətin də “media qrupu”nda yuxarı-aşağı təqribən eyni vitrin idi. Nə dəyişib ki?!
Sadəcə, KİVDF yoxdur, MİA var, Vüqar Səfərli yoxdur, Əhməd İsmayılov var və yenə həmin mətbuat orqanları başdadırlar. Bəs hökumətin media siyasətində yeniliklər hansı istiqamətdə olub?
Ağdama gedənlər isə boy-boy şəkillərini paylaşırdılar, elə sevincək görünürdülər, sanki H.Hacıyevi ilk dəfə yaxından görürlər.
Sözsüz ki, ölkənin ictimai-siyasi həyatında, diplomatiyada, 44 günlük müharibədə Prezidentin köməkçisi kifayət qədər böyük əmək sərf edib, peşəkar kadrdır, cəmiyyətdə nüfuz sahibidir, Ə.Həsənov onun əlinə su tökməyə yaramaz, lakin Ağdam səfərində siyahı dəyişməmişdi, düzdür, heyətdə kifayət qədər hörmətli qələm adamları, dost dediyimiz jurnalistlər var idi, onların haqqına girmək olmaz, sadəcə, eyni adamları aparmışdılar – Hacıyevlə foto çəkdirməyə…
Əgər bu səfər erməni işğalından azad olunmuş şəhərə həsr olunmuşdusa, gərək ayrı-seçkilik edilməzdi, ölkənin tanınmış digər jurnalistlərini kənarda qoymazdılar.
Şəhid ailəsinin, qazinin problemlərini yazmayanların əksəriyyəti Ağdamdaydı, onların dərd-sərini işıqlandıranlar isə Bakıda qalmışdılar.
Bu yöndə kifayət qədər jurnalist giley-güzarını bildirib. Məsələn, PrimeTV rəhbəri Aygün Muradxanlı replika ilə yazıb ki, mərhum prezident Heydər Əliyevin Prezident Aparatından it kimi qovduğu adamı Prezident Administrasiyası Ağdama aparıb.
Cumhuriyyet.net saytının rəhbəri, Vətən müharibəsinin iştirakçısı Nəsimi Şərəfxanlı sual edib ki, Hikmət müəllim, Ağdama son media səfərində məqsəd Qarabağın Azərbaycan torpaqlarının olmasını Azərbaycan mətbuatına qəbul etdirmək idi, yoxsa pul silmək.
Onun sözlərinə görə, bu səfərin iştirakçılarını müəyyənləşdirərkən birbaşa savaşda olan jurnalistlərimiz də yadınıza düşdümü: “Bu artıq neçənçi dəfədir ki, Qarabağ savaşı və media birgəliyi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilir və heç biririnə bu savaşda iştirak edən media təmsilçiləri dəvət olunmur. Bu unutqanlıqdır, yoxsa saymamazlıq?
Prezidentin “mənim dostlarım” dediyi jurnalist camiəsinin Qarabağ veteranı olan kəsiminə belə münasibət göstərilirsə, sadə vətəndaşlar arasından olan Qarabağ döyüşçülərinə sayğısızlığı təsəvvür edirsinizmi?
Və nəhayət media ilə bağlı məsələləri Prezident Admistrasiyasında hələ də Vüqar Əliyev həll edirsə, onda Əli Həsanovu işdən azad etməyə nə gərək var idi?”
LAF TV-dən Ləman Ələşrəfqızı da etirazını dilə gətirib: “Əli Həsənovun şanlı yolunu şərəflə davam etdirənlərin diqqətinə çatdırıram ki, mayın 28-də hələ bir yaşımız tamam olacaq. Amma buna rəğmən 87 min abunə qazanmışıq.
Canlı yayımlarımızı elə gün olub ki, birbaşada 11 min adam izləyib. Orta hesabla hər gün 2500-3000 adam birbaşada bizi izləyir. Professional jurnalistik, ağzımızdan çıxan sözün məsuliyyətini dərk edirik. Daha hansı məziyyətlərə malik olmalıyıq ki, yadınıza düşək?“
Yaxşı sualdır, Ləman xanım, amma bunun cavabı bizdə yox, PA-dadır…Reportyor.info





Loading...