2021-ci ilin fevralın 25-dən dolların məzənnəsində müşahidə edilən yüksəliş hələ də davam edir. 
Dolların aparıcı 6 valyutaya qarşı ortaq məzənnəsini ifadə edən Dollar İndeksi ötən müddətdə 89,9 səviyyəsindən 93,2 səviyyəsinə yüksəlib. ABŞ valyutası qısa müddətdə 3,7 faizə qədər bahalaşıb. 

Bahalaşmaya səbəb olan amillər çoxdur. 

İqtisadçı-ekspert Xalid Kərimli dolların bahalaşmasını bir neçə səbəblə əlaqələndirdi. 

Ekspert söylədi ki, dolların bahalaşmasının əsas səbəblərindən biri ABŞ-da koronavirusla və onun nəticələri ilə mübarizə məqsədilə 1,9 trilyon dollarlıq paketin qəbuludur. Onun fikrincə, hökumətin sürətli pul xərcləmələri iqtisadiyyata müsbət təsir göstərir və ABŞ iqtisadiyyatının inkişaf imkanları yaxşılaşır. Buna görə də müxtəlif beynəlxalq təşkilatlar ABŞ-la bağlı iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.

X.Kərimli dolları bahalaşdıran digər səbəbin ABŞ-da vaksinasiya prosesinin sürətlənməsi olduğunu bildirdi: 

"Dolların bahalaşmasına səbəb olan ikinci hadisə Bayden hökumətinin COVID-19 virusuna qarşı peyvəndləməni sürətləndirməsidir. Hökumət hədəfləyir ki, iyun-iyul aylarına qədər əhalinin böyük hissəsini vaksinləşdirsin. Sürətli aparılan vaksinləşmə ona gətirib çıxaracaq ki, ABŞ Avropa ilə müqayisədə daha yaxşı mövqeyə çıxacaq. 

Bunlar müsbət xəbərlərdir və ABŞ iqtisadiyyatına ümidi artırır, nəticədə dollar güclənir. Əgər Pasxa bayramı öncəsində ABŞ-da elan ediləcək iqtisadi göstəricilər yaxşı olarsa, onda dolların daha da bahalaşmasını müşahidə edə bilərik”. 

Ekspert dolları müxtəlif spekulyasiyaların bahalaşdırmasının mümkün olduğunu da söylədi. Onun qənaətincə, ABŞ-ın fond birjalarında baş verən spekulyasiyaları maliyyələşdirmək üçün qısa müddətdə dollara tələb arta bilər./sfera.az/




Loading...