"Azərbaycan üçün yeni mərhələnin başlandığını nəzərə alsaq, bu, həm də işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının inkişafı istiqamətində iki ölkə arasında sıx əməkdaşlığın qurulmasına xidmət edə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında imzalanan niyyət bəyannaməsi ilə bağlı fikirlərini bölüşərkən deyib. O bildirib ki, bu, eyni zamanda yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından da vacibdir:
"Türkiyə kənd təsərrüfatında xüsusi tərzi və müqayisəli üstünlüyə malik olan ölkədir. Təbii ki, Azərbaycanın Türkiyənin kənd təsərrüfatı inkişafı baxımından təcrübəsindən faydalanması məqsədəuyğundur. Çünki bir tərəfdən Türkiyə həm kənd təsərrüfatı məhsullarının ixracatına görə regionda xüsusi paya malikdir, digər tərəfdən isə Türkiyədə kənd təsərrüfatında məhsuldarlıq kifayət qədər yüksəkdir. Bu baxımdan anlaşma bir tərəfdən Türkiyənin kənd təsərrüfat sektorunda tətbiq edilən müasir innovasiyanın texnoloji yeniliklərinin Azərbaycanda kənd təsərrüfatına tərtbiqinə imkan verəcək. Bu, məhsuldarlığın artırılması baxımından çox vacibdir. Eyni zamanda yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından da vacibdir”. 

Vüqar Bayramov qeyd edib ki, bu gün əsas məqsəd yeni bazarlara çıxış imkanlarının genişləndirilməsidir:
"Bunun üçün də həm məhsuldarlıq, həm də Ümumdünya Səhiyyə Təşkilatının keyfiyyət standartlarına uyun olaraq məhsul istehsalının təşkil edilməsinə ehtiyac var. Digər tərəfdən isə Türkiyə həm də işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatına dəstək verə biləcək ölkədir. Bu gün iki ölkə arasında aparılan müzakirələrdir. Həm işğaldan azad olunmuş ərazilərimizin bərpası, yenidənqurma prosesi ilə yanaşı, eləcə də bərpa və yenidənqurmadan sonra həm də kənd təsərrüfatının inkişafı nəzərdə tutulub. Xüsusən də nəzərə alsaq ki, Azərbaycan Kənd Təsərrüfat Nazirliyi bu istiqamətdə qiymətləndirmə aparır”. Vüqar Bayramov hesab edir ki, Türkiyənin kənd təsərrüfat sektorundakı təcrübəsindən həm də işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının inkişafı üçün istifadə oluna bilər:
"Bu baxımdan genişmiqyaslı əməkdaşlıq imkanları var”.
Qeyd edək ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov ilə Azərbaycanda səfərdə olan Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi və aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb.





Loading...