"Təhsildə yuxarıya doğru qalxdıqca müsabiqə şərtləri aşağı düşür. Düşünürəm ki, ən sərt qaydalar, şərtlər təhsilin idarəetməsində iştirak edən şəxslərə tətbiq edilməlidir. Amma indi əksidir".
Pressaz.info Sfera.az-а istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O, fikirlərini nümunələrlə izah edib:
"Ali məktəblərə qəbul olmaq üçün məktəb şagirdlərinə keçid balı qoyulur. Müəllimlərin işə qəbulunda Bakı şəhəri üzrə 48, bölgələr üzrə 36 bal keçid balı qoyulur, dövlət qulluğuna qəbulda 70, 75 və 80 bal belə keçid balı tətbiq edilir. Biz idarəetməyə ən yaxşılarını seçməliyik. Bəli, yaxşıların seçilməsi üçün keçirilən imtahan da bunlardan biridir.
 
Kimsə deməsin ki, test əzbərləməklə yaxşı olunmur. Olunur, əzizim, olunur. Deyirlər ki, direktor olmaq üçün xüsusi "Allah vergisi" olmalıdır. Bu məktəbdə fala baxacaq? Məktəb direktoru qanunvericilik bazasını bilsə, o yaxşı idarə edəcək. Çünki təhsil qanunvericiliyində müəssisəsini necə idarəetmək lazımdır, qeyd edilib. Yəni MİQ-də 55 bal toplayana, DİQ-də 10 bal toplayanın rəhbərlik etməsi ədalətli deyil".
Ekspert həmçinin bildirib ki, imtahan iştirakçılarının sayının az olması maraqlı faktorlardan biridir:
 
"Orta məktəbdə direktor olmaq üçün 5 il pedaqoji staj və elə pedaqoji ixtisas üzrə ali təhsil lazımdır. Amma Təhsil nazirliyi direktor olmaq üçün pedaqoji ali təhsil tələbini pozmaqda davam edir. Kifayət qədər məktəb direktorları var ki, pedaqoji ali təhsilləri yoxdur.
 
Orta məktəblərdə 5 il stajı olmayan 30 min müəllim var. Deməli, bizim hazırda orta məktəblərdə ən azı 5 il pedaqoji stajı olan 120 min müəllim var. Bəs niyə onların yalnız 2 min nəfəri direktor vəzifəsinə namizəd olur?  Deməli, onlar prosesin ədalətli, şəffaf, demokratik olacağına inanmırlar. Mən bu barədə qəti deyə bilmərəm ki, proses şəffafdır və ya şəffaf deyil, çünki əlimdə hər ikisi üçün tutarlı fakt olmalıdır".




Loading...