“Hər iki xalq öz həyat yolunu sakitcə davam etdirməyə hazır idi, təşviqatçılar işə qarışmasaydı...”
 
Azərbaycanın  torpaqlarımızın böyük hissəsinin azadlığı ilə nəticələnmiş 44 günlük müzəffər savaşından sonra Yuxarı Qarabağın qalan hissəsi və Ermənistanda müşahidə olunan vəziyyət onu göstərir ki, bir sıra beynəlxalq super güclər XX əsrin əvvəlləirindən bəri elə onların özlərinin faşist xislətli erməni təşkilatlarını yetişdirib dəstəkləməsi sayəsində qondardığı Qarabağ münaqişəsinin kökündən həllinə yenə də imkan vermək istəmirlər. İqtisadiyyatı ilə bərabər ordusu da Azərbaycan tərəfindən çökdürülmüş işğalçı ölkədə aqressiya, revanşizm, türkofobiya dolu çıxışlar gündən-günə güclənməkdədir. Belə təbliğat və təşviqatı da aparan məhz bir hissəsi Rusiya, digəri Fransa, o biri ABŞ və s. tərəfindən  yönləndirilib maliyyələşdirilən müxalifət, hökumət və qeyri-hökumət təşkilatları və əsasən onların liderləridir.  Erməni din xadimləri və diasporu da super güclərin əlində bir alətdir. Düzdür, erməni toplumu iki əsrə yaxın müddətdə Türkiyə və Azərbaycan türklərinə qarşı nifrət və “Böyük Ermənistan” xəstəliyinə düçar olub. Ancaq bəlkə də kənar təsirlər olmasa, böyük əksəriyyəti yoxsulluq içində yaşayan Ermənistan və Qarabağdakı ermənilər asanlıqla Azərbaycanın ərazi bütövlüyünü də, onun qanunlarını da tanıyar və bu mərəzlərinin də tədricən şəfası tapılar...
 
Moderator.az Azərbaycan Demokratik Respublikası dövründə, yəni 1918-1920-ci illərdə Bakıda və Tiflisdə fəaliyyət göstərmiş ingilis hərbi müxbiri  Robert Skotland-Liddellin  o illərdə qələmə aldığı “Erməni-Tatar razılaşması- Qafqazda sülhün bərpası”  məqaləsinin sözügedən mülahizələr istiqamətində müasir dövr üçün də aktuallığını nəzərə alaraq həmin materialı oxucuların ixtiyarına buraxır.
 
“Əgər Zaqafqaziyada asayişin bərqərar olması üç respublikada – Azərbaycanda, Gürcüstanda və Ermənistanda asayiş yaradılmasından asılı olsaydı, məsələ mahiyyət etibarilə bu dərəcədə mürəkkəbləşməzdi: bir qədər rəng sərf edib xəritədə sərhədləri asanlıqla qeyd etmək olardı. Onda Azərbaycanda da, Gürcüstanda da sülh bərqərar olardı, Ermənistanın bəzi hissələrində kiçik münaqişələrin davam etməsinə baxmayaraq Amerika hərbi missiyasının gəlişi bu vəziyyətə son qoyardı. Lakin əsas məsələlərdən kənar məsələlər, heç şübhəsiz, çətinliklər yaradır. Məsələn, Azərbaycanın bir şəhərində çoxsaylı erməni əhali yalnız ermənilərin hakimiyyət orqanlarına tabe olmaq istəyir, indiki Ermənistan ərazisində sakinlərinin əksəriyyəti müsəlman olan başqa şəhərdə isə bu sakinlər ermənilərin qanunlarına tabe olmaqdan imtina edirlər. Plebisitlərdən(müəyyən bir məntəqədə ciddi məsələlərin həlli üçün orada yaşayan əhali arasında sorğu-S.L.) danışırlar, amma onların nəticəsi bütün Qafqazda çoxsaylı xırda müsəlman və xristian dövlətlərinin yaranmasından ibarət olardı...
 
 Ən mürəkkəb məsələlərdən biri Yelizavetpol quberniyası çərçivəsində Qarabağ  məsələsi idi. Bu məsələ yalnız yaxın vaxtlarda həll edilmişdir. Bu münasibətlə Bakıda təşkil edilmiş banketdə həm tatar (Azərbaycan türkləri – S.L.), həm də erməni nümayəndələr qılıncları qınına qoymaq qərarına gəldilər. İndi Qarabağda əmin-amanlıqdır. Sakinlərin dediyinə görə, burada əvvəllər heç vaxt bu dərəcədə sakitlik olmamışdır.
 
Qarabağ məsələsi əslində Şuşa şəhərinə və Şuşa rayonuna aiddir. Qarabağ özünün coğrafi mövqeyinə görə həqiqətən Azərbaycana məxsus olmalıdır…
 
Erməni liderlərinə məsləhət gördülər ki, sakitləşsinlər və Paris konfransı bu bölgədə idarəetmə formasını müəyyən edəcəyi vaxtı gözləsinlər, bunun nə vaxt ediləcəyinin konfransın qərarı üçün heç bir əhəmiyyəti olmayacaqdır. Lakin bu məsləhətlər hədər oldu. Erməni liderləri açıq-aşkar bildirdilər ki, Azərbaycana müvəqqəti də olsa tabe olmaqdansa ölüm yaxşıdır. Onlar yerli ermənilərə elə təsir göstərdilər ki, yerli ermənilərlə tatarlar arasında münaqişələr başlandı və neçə-neçə adam öldürüldü, əlbəttə, liderlərdən başqa, çünki onların təşviqatı artıq öz bəhrəsini vermişdi və liderlər bu bəhrənin yığılmasını gözləmədən tələsik qaçıb aradan çıxdılar...
 
 Ermənilər dünyada ən yaxşı təbliğatçıdırlar. Onların təbliğatı son ayların işi deyildir, bu iş uzun illər boyu mütəmadi aparılmışdır. İstər Rusiyada, istərsə də Qafqazda ermənilər barəsində bircə kəlmə xoş söz deyən bir nəfər də tapmazsan. Ruslar, tatarlar və gürcülər ermənilərə nifrət edir, onların ermənilərdən zəhləsi gedir. Bunun düzgün olub-olmadığını deyə bilmərəm, amma fakt göz qabağındadır: ermənilər başqa irqlərə nifrət edirlər. Onlar xaricdə özlərini elə təbliğ edirlər ki, Avropa və bütün dünya onların tərəfini saxlayır. Əlbəttə, onlar çox əziyyətlər görüblər, lakin minlərlə müsəlman kişi, qadın və uşaqlar da onların əlindən əziyyət çəkiblər. Şübhəsiz, ermənilərə münasibətdə amansızlıq edilmişdir, lakin onlar özləri də müsəlman kəndlərində türklərin onlara qarşı törətdiklərindən qat-qat artıq qəddarlıqlar törətmişlər. Onlar bunu türklərin barəsində etmiş və öz növbəsində, özləri də türklərdən bu cür amansızlıqlar görmüşlər. Bu mənada ermənilər tatarların tayıdır. Ümumiyyətlə, tatarlar, əlbəttə, ermənilərdən qat-qat yuxarı, onlardan çox-çox mərddirlər...
 
Qarabağ məsələsini əsaslı şəkildə öyrəndikdən sonra inamla deyə bilərəm ki, iğtişaşların əksəriyyətinin səbəbi təbliğat olmuşdur - məkrli təbliğat...
Hər iki xalq öz həyat yolunu sakitcə davam etdirməyə hazır idi və təşviqatçılar işə qarışmasaydı, bu xalqlar elə belə də edəcəkdilər. Daha sonra, mən əminəm ki, Zaqafqaziyanın başqa yerlərində törədilmiş erməni-tatar qırğınına görə də bu sonuncular (təşviqatçılar - S.L.) cavabdehdirlər. Erməni təbliğatçısı öz işini vicdanla görür, çünki bu iş təbliğatla bağlıdır, lakin Zaqafqaziyada onun fəaliyyəti çox vaxt adi provokasiyadan ibarətdir. Mən misallar da gətirə bilərəm.
 
Əlbəttə, mətbuat təşviqatçı üçün ən yaxşı tribunadır. Mətbu sözdə elə bir hipnotik qüvvə var ki, onu oxuyan adamı inanmağa məcbur edir. Tiflisdə erməni dilində iki həftəlik qəzet nəşr edilir. Mən məhz erməni dilində nəşr edilənləri nəzərdə tuturam. Bəzi başqa qəzetlər də ermənilərə məxsusdur və ya onların maliyyə dəstəyindən istifadə edir. İki-üç ay bundan əvvəl erməni qəzetlərinin birində Qarabağda, İranın şimalında, Azərbaycan sərhədində ermənilərin qırılması barədə xəbər dərc edilmişdi. Həmin xəbərdə bildirilirdi ki, üç mindən artıq adam öldürülmüşdür. Mən bu barədə arayış topladım. Qəzetin naşiri ilə, daha doğrusu, naşirlərdən biri ilə görüşdüm, çünki adətən bu yerlərdəki qəzetləri bir nəfər deyil, kollegiya nəşr edir. Mən həmin adamdan qırğın barədə soruşdum. O mənə izah etdi ki, bir neçə gün bundan əvvəl redaksiyaya bir erməni gəlmiş və ona bu əhvalatı danışmışdır. Mən soruşdum: “Bəs bu qırğın haçan olub?” O bunu bilmirdi. Mən sübut etməyə başladım ki, qəzetçilik işində iki ən mühüm sual var: “harada” və “haçan”. O cavab verdi ki, özünə əziyyət verib bu hadisənin harada baş verməsini soruşmamışdır. Nəhayət, uzun axtarışlardan sonra mən aydınlaşdırdım ki, bu qırğın 1918-ci ilin noyabr ayında baş vermişdir. O vaxt türklər hələ bu rayonu tutmamışdı və yerli sakinlər onlara qarşı partizan müharibəsini davam etdirirdilər. Bundan əlavə, mən öyrəndim ki, ölənlərin sayı üç min nəfər deyil, ən çoxu üç yüz nəfər olmuşdur. Həmçinin onu da öyrəndim ki, bu hadisə baş verəndən bir neçə həftə sonra mətbuatda bu barədə lazımınca məlumat verilmişdir.
 
Elə həmin həftə digər erməni qəzetində belə bir məlumat dərc edilmişdi ki, ingilislər Qafqazı tərk edib gedirlər və “Britaniya hökuməti ilə əldə edilmiş razılaşmaya görə, Britaniya qoşunlarını əvəz etmək üçün Qafqaza 50 min türk göndəriləcəkdir”. Əlbəttə, mən bu məsələ ilə əlaqədar yenə redaktorla görüşməli oldum. Təbii ki, naşir bir nəfər deyildi, amma mən naşirin hər üzünü gördüm. Soruşuram: siz bu ağlabatmaz xəbərə inanırsınızmı? Cavab verir: “Xeyr, inanmıram”. Bəs elə isə bu məlumatı nə üçün çap etmisiniz? Onlar (xorla) cavab verdilər ki, bəs xəbər azdır, poçtun pis işləməsi və ya olmaması xüsusi müxbirlərdən məlumatlar alınması zamanı çətinliklər yaradır, buna görə də həqiqətə uyğun olub-olmamasının fərqinə varmadan aldıqları bütün xəbərləri çap etməyə məcburdurlar. Sonra da özlərini təmizə çıxarmaq üçün dedilər: “Biz yanlış məlumatları növbəti nömrədə təkzib etməyi həmişə özümüzə borc bilirik”.
 
Təxminən eyni vaxtda bu qəzet baş nazir Jordaniya ilə general Tomson (o dövrdə Britaniyanın Tiflisdəki qoşunlarının komandanı) arasında guya olmuş müsahibə barədə hesabat dərc etmişdi. Həmin məlumatda deyilir: “General Tomson Jordaniyaya demişdir ki, sülh konfransında Gürcüstanın Rusiyaya qaytarılması qərara alınmışdır və yalnız Ermənistan müstəqil dövlət olacaqdır”. Jordaniya bir neçə dəqiqə ərzində bir kəlmə də danışa bilməmiş, sonra isə Tomsona yalvarmağa başlamışdır ki, əhali arasında ciddi iğtişaşlar törənməməsi üçün bu xəbəri yaymasın. General Tomson bu məlumatı sirr kimi saxlayacağını vəd etmişdir”.
 
Bu müsahibə haqqında bütün deyilənlər başdan-ayağa uydurmadır və qəzetin növbəti nömrəsində təkzib verilmişdi, lakin zərərli təbliğat artıq öz işini görmüşdü. Hətta faktların məhz qəzetdə təsvir edildiyi kimi olduğunu güman etsək belə, qəzet özündən uydurmuşdur ki, baş nazir Jordaniya general Tomsondan “bu sirri açmamasını” xahiş etmişdir.
 
Mən cəmi üç misal göstərdim, lakin belə misallardan çox göstərmək olar. Erməni mətbuatı qırğınlar, qəddarlıqlar barədə uydurmalarla və tatarlara (azərbaycanlılara -S.L.) qarşı təbliğatlarla doludur. Bu mətbuatda provokasiya çoxdur və heç şübhəsiz, indiki dövrdə Qafqazda və Ermənistanda baş verən milli münaqişələrin çoxuna görə məhz erməni mətbuatı cavabdehdir.




Loading...