İyulun 8-də Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
İNPA.AZ marja.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək deyib ki, yeni Günəş Elektrik Stansiyasının qurulması üçün 9 avqust 2019-cu il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 5 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 320 vatt olan 9416 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 61 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılıb. Stansiyada alçaq və yüksək gərginlikli kabel xətləri, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, ən müasir siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunub. Müasir avadanlıqlarla təchiz olunan stansiyada elektrik enerjisi istehlakçılara itkisiz çatdırılacaqdır.
Yeni quraşdırılmış Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik Stansiyalarının illik istehsal gücü 40,5 milyon kilovat-saata çatdırılıb.
Ali Məclisin Sədri İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, gələcəkdə də Naxçıvanda yeni Günəş və külək elektrik stansiyalarının tikintisinin davam etdiriləcəyini diqqətə çatdırıb.






Loading...