Qazyan kənd sakini Müşfiq Axundov BBC News Azərbaycancaya deyib ki, təxminən üç gündür yaranan problemə "əncam çəkən" yox idi, axırda "bu gün söz veriblər ki, həll edəcəklər".
Tərtər rayonunun bəzi kəndlərində bir neçə gündür ki, suvarmada istifadə edilən subartezian quyuları sıradan çıxıb, əkin sahələri susuz qalıb.
Yerli sakinlərin BBC News Azərbaycancaya verdiyi məlumata görə, 3 gündür ki, Tərtərin Qaynaq, Qapanlı, Qazyan, Əksipara, Buruc, Sarov və başqa kəndlərində subartezian quyusunu işlədən elektrik transformatorlar yanıb. Sakinlər 40-dan çox subartezian quyusunun sıradan çıxdığını bildirirlər.
Tərtər rayonu icra hakimiyyətindən BBC News Azərbaycancaya bildirilib ki, "problemdən xəbərdardırlar və Mərkəzi Aran üzrə elektrik şəbəkəyə problemlə bağlı rəsmi məktub ünvanlanıb".
Meliorasiya və Su Təsərrüfatı ASC isə problemi araşdırdığını açıqlayıb."Bir-iki günə sahəni suvara bilməsəm..."
Tərtər rayonunda subartezian quyularının sıradan çıxmasına görə üç gündür ki, yerli əhali əkin sahələrini suvara bilmir. Sakinlər iddia edirlər ki, elektrik cərəyanı veriləndə subartezian quyuların transformatoru yanıb.
Qazyan kənd sakini Müşfiq Axundov BBC News Azərbaycancaya deyib ki, təxminən üç gündür yaranan problemə "əncam çəkən" yox idi, axırda "bu gün söz veriblər ki, həll edəcəklər".
"Suvarma mövsümünün ortasındayıq, pambıq sahələrimiz susuzluqdan yanır. Bizim kənddə 4 subartezian quyusu yararsız hala düşüb, amma rəsmi qurumlardan gəlib məsələni həll edən yoxdur".

ŞƏKLİN MƏNBƏYİ,MÜŞFIQ AXUNDOV
4 hektar pambıq əkdiyini deyən fermer su olmasa ciddi probemlə üzləşəcəklərini söyləyir: "Bir-iki günə sahəni suvara bilməsəm, əkdiyim, əziyyət çəkdiyim məhsul məhv olacaq".
O əlavə edib ki, quyuya, nasosa, avadanlığa yerli subartezian idarəsi xidmət göstərir. Suya görə isə fermerlər ayda 30 manat ödəyirlər.

"Rəsmi məktub ünvanlanıb"

Tərtər rayonu icra hakimiyyətinin rəsmisi Elvin Umudov BBC News Azərbaycancaya bildirib ki, "problemdən xəbərdardırlar və Mərkəzi Aran üzrə elektrik şəbəkəyə problemlə bağlı rəsmi məktub ünvanlanıb".
"Elektrik qapanması ilə əlaqədar bəzi artezianlar yanıb. Bizə məlumat verilib və biz də aidiyyatı üzrə səlahiyyətli qurumlara məlumat vermişik ki, elektrik qapanması ilə bağlı artezianlar yanıb. Problemlə Tərtər rayon Subartezian Quyularının İstismarı idarəsi məşğul olur," - Elvin Umudov deyib.
BBC News Azərbaycanca Tərtər Subartezian Quyuları İstismarı İdarəsi ilə əlaqə saxlaya bilməyib.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sözçüsü Dilqəm Şərifov BBC News Azərbaycancaya deyib ki, "yaranmış problem araşdırıldıqdan sonra məlumat veriləcək".
Onun sözlərinə görə,"rayonlardakı subartezian quyularının hamısı onun təmsil etdiyi quruma aid deyil, ona görə də məsələnin araşdırılmasına ehtiyac var".




Loading...