Bütün bəşəriyyətə həyəcan və qorxu dolu aylar yaşadan, insanlığın düşüncələrini qəmli notlara kökləyən koronavirus epidemiyasıdünya iqtisadiyyatına böyük zərbələr vurdu. Hegemon dünya güclərinin belə qarşısında aciz qaldığı bu kabusun təhlükəsi hələ də sovuşmayıb Maraqlıdır, bu bəlanın hansı qaranlıq güclər tərəfindən ortaya atıldığı, kimlərin insanlığa bunca düşmən kəsildiyi nədənsə geniş müzakirə mövzusu olmadı.Bəlkə də insanlığın əsəblərini sınaqdan çıxarmaq üçün bütün bunlar yaxşı düşünülmüş bir oyun idi, bu suala da cavab vermək imkanımız yoxdu. Amma ortada real olan bir fakt var ki, Çinin dünya ticarət bazarında yetərincə oturuşmuş mövqeyə yiyələnməsi zaman keçdikcə bir qısqanclıq və narahatlıq yaradırdı. Hərçənd ki, Çin dünyanın ən qəddar rejimlərindən birinə sahibdir və bu ölkə haqqında danışanda insanlıq duyğusunu bir az kənarda tutmaq lazım gəlir. Yəni, koronavirus bəlası bu ölkəni nisbətən də olsa çökdürmək marağından da irəli gələ bilərdi. Çünki indi odlu müharibələrlə hansısa böyük gücün üzərində qələbə qazanmaq inandırıcı görünmür. Bəşəriyyəti kütləvi ölüm qorxusuyla hədələyən silahlar bunların əksəriyyətində mövcuddur və həmin silahlara əl atılması planetimizin sonunu gətirər. Ən yaxşı halda (böyü güclər üçün) koronavirus xarakterli xəstəliklərin süni şəkildə yayılması, iqtisadi sistemlərin çöküşünə əsas ola bilər.
Ötən ilin son aylarından üzü bəri həyatımızın ritmini pozan bu epidemiya ölkəmizin iqtisadi həyatından da yan keçmədi. Bütün istehsalat sahələri demək olar ki, fəaliyyətsiz şəkildə aylarla bu bəlanın sovuşmasını gözləməli oldu. Amma bəzi sahələr var ki, onların fəaliyyətinin dayandırılması ölkə iqtisadi sistemi üçün intihara bərabərdir. Bu istehsalat sahələri sırasında ölkə iqtisadiyyatının şah damarı sayılan dəmir yolu nəqliyyatı öndə dayanır. Epidemiyyanın kəskin xarakter aldığı aylarda dəmir yolunda sərnişin və elektrik qatarlarının hərəkətini dayandırılsa da, bu sahənin əsas göstəricisi olan yük daşımaları intensiv şəkildə davam etdirildi. Epidemiyadan qorunma üsullarına ciddi əməl edən dəmiryolçular işin axardan düşməsinə imkan vermədilər. Eyni zamanda bu gün polad magistralda sahənin gələcək fəaliyyətinə hesablanmış önəmli layihələr həyata keçirilir ki, bu işləri də axardan saxlamaq, geriyə atılmış addım olardı. Bu sırada Ləki-Qəbələ, Güzdək-Qaradağ (20-ci sahə) layihələrinin icrası və Şimal istiqamətində yolların təmiri üzrə yeni layihənin reallaşdırılması dəmir yolu üçün olduqca əhəmiyyətli işlərdir. İcra edilən işlərin mahiyyətini peşəkarcasına dərk edən dəmiryolçular karantin yasağı elan olunduğu aylarda az kontingentlə olsa da, yuxarıda qeyd etdiyimiz ilk iki layihənin icrası işlərini davam etdirdilər.
Ötən həftə işlərin gedişini izləmək üçün üz tutduğumuz Güzdək-Qaradağ ( 20 ci sahə) layihəsinin icrasında xeyli işin görüldüyünün şahidi olduq. Əvvəla, onu deyək ki, ümümi uzunluğu 35 km təşkil edən bu yol ötən əsrin 80-ci illərində inşa olunub. Həmin dövrlərdə dəmir yolunda yük daşımalarının həcmi artan xətt üzrə davam etdiyindən, qatarların hərəkət sıxlığını nisbətən azaltmaq üçün yardımçı xəttin salınmasına ehtiyac yaranıb. 1989- cu ildə dəmir yolunda yük daşımalarının həminin 100 milyon tonu əhatələməsi, bu xəttin çəkilişinin doğru variant olması zərurətini ortaya qoyur. Yəni, tərtib olunmuş qatarların Biləcəri stansiyasına daxil olmadan,birbaşa təyinatla alternativ yoldan göndərilməsi, Şimal və Qərb istiqamətlərində mövcud olan sıxlığı da aradan qaldırıb. Sovet sisteminin dağılmasından sonra isə, bu yol istismar edilmədiyindən tamamilə hərəkətə yararsız vəziyyətə düşüb. Bu gün həmin xətt sıfrdan başlamaqla tamamilə yenidən qurulur.
Görülən işlərin icrasını podratçı təşkilat kimi, “Kontur-Arxitektura Layihə- Sənaye” QSC-nin kollektivi həyata keçirir. İşin icrasına rəhbərlik edən peşəkar dəmiryolçu Şəmsəddin Talıbovla söhbətimizdə o, qeyd etdi ki, 30 il bundan əvvəl bu xəttin istismarı dayandırıldığı üçün yolun üst quruluş materialları, eyni zamanda süni qurğular (körpülər və su ötürücüləri), kontakt və rabitə xətləri tamamilə sıradan çıxıb. Ərazidə əsasən quru və toz-torpaqlı hava şəraiti hökm sürür. Fəaliyyətdə olduğu dövrdə bu xəttin üzərində Təpə, Saranca və Şanqar stansiyaları mövcud olub və yol birxətli olduğundan müasir tələblərə cavab verməyib. İndi isə günün tələbatı tamamilə fərqlidir. “ Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi bu xətt üzərində yeni statusa malik bir yolun inşasının reallaşdırılmasını nəzərdə tutub. Belə ki, Abşeron yarımadası ətrafında müasir tipli elektrik qatarlarının fasiləsiz və intensiv hərəkətini təmin etmək, Şimal istiqamətindən gələn yük qatarlarını Biləcəri stansiyasına qəbul etməmək üçün Sumqayıt stansiyasından birbaşa Qaradağ stansiyasına yönləndirmək reallaşdırılacaq işin əsasını təşkil edir. Karantin dövründə tam heyətlə işə qoşulmaq imkanımız olmasa da, fevral ayının 15-dən başlayaraq, 45 gün ərzində 35 km yolun sökülməsini başa çatdırmışıq. Olduqca mürəkkəb relyefə malik olan ərazidə bütün çətinliklərə baxmayaraq, için axardan düşməsinə imkan verilməyib.Mart ayını 1-dən etibarən, Qaradağ stansiyasından Güzdək istiqamətinə torpaq yatağının işlənməsinə start vermişik. Layihənin texniki şərtlənməsinə uyğun olaraq, 12-14 metr enində və iki hərəkət xətti üçün işlənib hazırlanır. Mövcud olmuş yol istismar olunmadığından torpaq yatağı tamamilə yararsız hala düşmüş, bir çox yerdə sel suları tərəfindən yuyulmaya məruz qalmışdır. İndi sıfır vəziyyətindən başlamaqla, yatağın yenidən qurulmasını xüsusi labaratoriyalarda aparılan texniki analizlərin nəticələrinə uyğun olaraq həyata keçirilir. Yolun ikinci kateqoriyaya aid olduğunu nəzərə alaraq, torpaq yatağının üzərində 0,50 metr qoruyucu təbəqədöşənir və bərkitmə işləri aparılır. Görülən işlər texniki nəzarətçilərlə birgə yoxlanılaraq, normativ sənədlərin tələblərinə uyğun şəkildə sənədləşdirilir. Hazırda Qaradağ stansiyasından Qızıldaş körpüsünə qədər olan ərazidə 7, 7 km torpaq yatağında son tamamlama işləri aparılır. O ki, qaldı layihə çərçivəsində burda inşa ediləcək süni və texniki qurğuların statistikasına, xətt boyu 1 ədəd istismara yararsız körpü sökülməklə, Müşviq və Qızıldaş qəsəbələrində 2 ədəd yeni körpü, 51 ədəd suötürücü qurğu, 14 piyada və 11 ədəd avtomobil keçidi, kommunikasiya xətlərinin keçirilməsi üçün 13 ədəd ehtiyat keçidi, 5 ədəd malqara keçidi və 1 ədəd Saranca stansiya binası inşa ediləcəkdir.
 Biz, uzun illər boyu dəmir yolunda aparılan əsalı yeniləşmə işlərindən çox bəhs etmişik. Bəzən günlərlə bu fədakar əməyə ünvan olan insanlarla çiyin-çiyinə bu canlanma işlərinin şahidi və iştirakçısı olmuşuq. Amma doğrusunu deyək ki, son layihələrdəki mürəkkəbliklə heç vaxt rastlaşmamışaıq. İstər Qaradağ- Güzdək (20-ci sahə), istərsə də Ləki- Qəbələ xətlərinin tikintisində çalışan insanlar günümüzün əsl əmək qəhramanlarıdırlar. Kənardan baxanlara bu bu işlər adi görünə bilər. Fəqət, proseslərin hansı əzablı xətdən keçərək davam etdiyini yalnız burda çalışanlar və fədakar dəmiryolçu peşəsinə yaxından bələd olanlar bilirlər. Çünki dəmiryolçular üçün vaxt-zaman anlayışı yoxdur. Onlar ilin bütün aylarında və fəsillərində eyni qayğının sahibidirlər. Bu il yaranışının 140 ili tamam olan dəmir yolu nəqliyyatı bu Vətənə minlərlə əməyin zirvəsində dayanan qəhrəman övlad bəxş edib. Bakı neftini dəmir yolçuların da əzablı əməyi bahasına ucqarlara daşıyan, bu neftin hesabına bıyük savaşı qazanan sovet İmperiyası Azərbaycan dəmiryolçularının qədir-qiymətini yetərincə verməsə də, onlar qəhrəmanlıqları sıralamaqda davam ediblər və bu gün də həmin ənənələrə söykənərək,  böyük əməli işlərə imza atırlar.




Loading...