Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində təxirə düşən əsas tədbirlərdən biri də toy mərasimləridir. Artıq 4 aydan çoxdur ki, bu qadağa qüvvədədir. Hazırda minlərlə gənc bu qadağanın ləğv olunacağı günü səbirsizliklə gözləyir. Millət vəkilləri isə postpandemiya dövründə toyların yeni formatda təşkil edilməsinin vacibliyini vurğulayırlar. Bu baxımdan onların bəzi təklifləri də var.
 
Artıq 3 aydan çoxdur ki, ölkə ərazisində toy çalınmır. Yalnız şadlıq sarayları deyil, təntənəli şəkildə toy edib ailə qurmaq istəyən bütün gənclər toy mərasimlərinin təşkilinə qoyulmuş qadağanın ləğv ediləcəyi günü gözləyirlər. Ancaq hələ ki, yaxın perspektivdə bununla bağlı müsbət qərarın veriləcəyi görünmür.
Artıq cəmiyyətdə toyların yeni qaydalar əsasında təşkili məsələləri müzakirə olunmağa başlayıb. Millət vəkilləri toylarla bağlı müraciətlərin çox olduğunu, məhz bu səbəbdən də toyun təşkili qaydalarında dəyişikliyə ehtiyac olduğunu deyirlər. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyir ki, toyların əvvəlki formatda təşkili virusun sürətlə yayılmasına səbəb ola bilər. Virusun yayılmasının qarşısını almaq üçün sosial məsafə və tibbi maska taxılması kimi ən vacib tələblərə isə toy zallarında riayət olunması real görünmür.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva isə deyir ki, istər-istəməz həyat davam edir və toylar da hansısa bir şəkildə tənzimlənməlidir. Onun sözlərinə görə, ilk olaraq toyda iştirakçı sayını azaltmaq barədə düşünmək lazımdır.
Qeyd edək ki, bəzi ölkələrdə açıq havada və az sayda adamın iştirakı ilə toyların təşkilinə məhdudiyyət yoxdur. Azərbaycanda isə Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkə ərazisində toy və yas mərasimlərinin təşkili martın 15-dən qadağan edilib. Bu qadağanın nə vaxta qədər davam edəcəyi isə koronavirusa qarşı mübarizədə əldə ediləcək nailiyyətlərdən asılı olacaq.





Loading...