“Biz əsasən buğda məhsulunu kənardan alırıq. Bizdə əla növ buğda olmur. Ona görə, bu gün çörək məhsullarının normal alınması üçün mütləq kənardan gətirib, tərkibinə qatmaq lazımdır. Toyuq və mal-qara yeminin əksər hissəsi kənardan gətirilir. Bunu da ölkəmizdə istehsal edə bilərik. Ət və ət məhsullarına gəldikdə, mal, qoyun əti ilə demək olar özümüzü təmin edə bilirik. Təxminən 95-98 faiz yerli istehsaldır”.
Bunu deputat Eldar Quliyev deyib.
E.Quliyev qeyd edib ki, son zamanlarda maldarlıqda ən böyük problem otlaqlarla bağlıdır: “Örüşləri satmaq, çəpərləmək olmaz. Təəssüf ki, bəzi bələdiyyələr, icra hakimiyyətləri torpaqları istədikləri şəkildə payladılar və bu torpaqlar əldən çıxıb. Sahibkar bu gün mal-qaranı otarmaq, yem bazası yaratmaq imkanından uzaqdı.
Çünki hər yer çəpərlənib, hərənin öz torpağı var. Bu məsələni həll etmək lazımdır. Torpağın bir hissəsi dövlətin, bir hissəsi bələdiyyənin hesabındadır. Ehtiyat fondundan insanlara bir qədər ayırmaq lazımdır. Torpağa nəzarət olunmalıdır. İnsanlar torpağın üstündə yaşayır. Bizi torpaq yaşadır.
Əkinimiz, biçinimiz, mal-qaramız – hamısı torpaqdan gəlir. Kənd təərrüfatı deyəndə birinci torpağı fikirləşək və torpağın qədrini bilək. Torpağı əkirlər, biçəndən sonra kökləri çıxarmağı tənbəllikdən yandırırlar. Bu zaman torpağa ziyan dəyir. Torpağın əsas münbit hissəsi üstdə 15-20 santimetrdir.
Onu yandırmaq olmaz, qorumaq lazımdır. Torpağı yandırmaq vəhşilikdir. Halbuki, kombayn gətirib, məhsulun köklərini yığıb qaz olmayan yerlərdə bundan istifadə etmək olar.
Mal-qara cinslərinə görə süd istehsalını qaldıra bilmirik. Süd məhsullarının təxmini 35-40 faizini xaricdən idxal edirik. Orta hesabla bir inəkdən illik 3-4 min litr süd alınır. Avropada bu rəqəm 12-13 min litr, Amerika 30 min litrdir.
Biz kənardan niyə toyuq almalıyıq? Dadına da baxsan, bizim toyuqların tamını xaricdən gələn heç bir toyuq verməz. Meyvə-tərəvəzlə bağlı da eyni vəziyyət var. Yerli məhsulun dadını xaricdən gətirilənlərin heç birindən ala bilməzsən. Yavaş-yavaş meyvə-tərəvəzin növlərini, sortlarını itirməyə başlayırıq. Çünki hamımız böyük pulun arxasınca qaçırıq. Halbuki, bu məhsulları qorumaq, yetişdirmək, tamını saxlamaq lazımdır.
Son zamanlar xaricə məhsul çıxartmaq üçün istixanalar çox kömək olur. Azərbaycan pomidoru bu gün keçmiş SSRİ məkanında ən dadlı pomidor sayılır. Hətta mənim xəbərim var ki, başqa dövlətlər, məsələn, Ermənistan pomidorunu Azərbaycan pomidoru adı ilə xaricdə satmağa çalışır.
Ölkəmizin istehsal etdiyi nar da xaricdə məşhurdur. İstixanalar həm qışda, həm də yayda lazımdır ki, özümüzü təmin etməklə yanaşı, xaricə məhsul ixrac edəndə çətinlik çəkməyək. Yenə qeyd edirəm, su ehtiyatları ilə bağlı yeni texnologiyaya keçməliyik.
Hansısa zonalarda böyük su anbarları yaratmalıyıq. Həmçinin açıq su anbarları deyil, axan suların yığıla biləcəyi anbar olmaldır. Texniki sular artıq qaldısa, ora yığılıb, təzədən emal edilsin, təmizlənsin. Texniki su torpaqların, ağacların, mal-qaranın sulanmasına verilsin. Biz bundan istifadə etməsək, əziyyət çəkə bilərik.
Ümumiyyətlə, mən qeyd etməliyəm ki, bütün dünya şirin su çatışmazlığından əziyyət çəkir. Bu problem getdikcə artır. Çayların səviyyəsinin aşağı düşməsini də müşahidə edirik. Ona görə, quyulardan istifadə etməkdə fayda var. Abşeron quyularının 70-75 faizi şirin sudur. Bu cür su mənbələrini qorumalıyıq. Bütün bu sahələr ölkə başçısının nəzarəti altındadır. Yerlərdə icra başçılarının da bununla yaxından məşğul olmağı vacibdir. Təəssüf ki, son zamanlar icra başçıları çox işlə məşğul olurlar, amma bu kimi məsələlərə baxmırlar. Əsas məsələ, kənd təsərrüfatının inkişafı, insanların maddi rifahının yaxşılaşdırılması, torpaqların düzgün bölünməsi, boş saxlanmaması, istiqaməti üzrə istifadəsi, ayrılan pulun düzgün çatdırılması olmalıdır. İcra başçıı buna nəzarət etməlidir. Halbuki, son zamanlar neçə icra başçısı əməllərinə görə həbs olundu, cəzalandırıldı.
Camaat elə bilir ki, bütün icra başçıları bu cürdür. Elə deyil, onların içərisində yaxşı, işini bilən, qeyrətli, namuslu, ləyaqətlə dövlətinə, Prezidentinə xidmət edənlər də var. Amma bu gün icra başçısı insanlara verilən 190 manatın 40 manatını cibinə qoyursa, onun hansı vicdanından, hansı kişiliyindən danışmaq olar?
Ölkə başçısının son zamanlar apardığı islahatlardan danışmaq istəyirəm. Xüsusilə, kadr islahatları çox önəmlidir. Pandemiya dövründə görüşlər onlayn keçirildi.
Ölkə başçısı təyin edilən şəxslərlə görüşür, məsləhətlərini, tapşırıqlarını verir, tələbini qarşısına qoyur ki, bu cür işləməlisən. Bəzi icra başçıları o qədər harınlamışdılar ki, evlərindən kisələrlə pullar çıxırdı. Camaatın çətin günündə sənin evində bu qədər pul haradandır?
Bugünkü  kadr islahatları düzgün aparılır. İcra başçılarının dəyişiklikləri, Baş Prokurorluqda islahatlar  oldu və ölkə başçısı hər birini qəbul etdi, tapşırıqlarını verdi. Mən həm seçicilərim adından, həm də öz adımdan bu islahatları dəstəkləyirəm və yaxın zamanda effektini verəcəyini düşünürəm. Hər bir məmur bu məsələlərdən nəticə çıxarmalıdır.
Qarşımızda olan əsas məsələlərdən biri qeyd etdiyimiz kimi, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Kənd təsərrüfatının inkişafı üçün məhsuldarlığın yüksəldilməsi, ərazilərin su ilə təminatı, yaxşı cins mal-qara, hətta toyuqların gətirilməsi, onlar üçün yem bazası yaradılması, otlaqların buna cəlb edilməsi və torpaqlardan istifadə əsas məqsədimizdir. Bu gün Azərbaycanda yararlı boş torpaq qalmamalıdır.
Mən bilirəm ki, xarici ölkələrdə boş torpaq yoxdur, əkib-becərirlər. Bizdə isə baxırsan ki, məmurdur, imkanı var, 100 hektar torpağı alıb saxlayır. Bunu əkib-becərməyəndən sonra niyə zəbt edirsən ki? Öləndə onsuz da hamıya 2 metr torpaq lazım olur. Həmin boş torpaqları əkib-becərsək, həm orada işləyən insanlar qazanar, həm də elə məmurun özünə də qazanc olar. Ərzaq təhlükəsizliyi ilə bərabər qidaların təhlükəsizliyinə də toxunmaq istəyirəm. Bu, ərzaq təhlükəsizliyinin davamı olmalıdır. Nə qədər restoranlarda, kafelərdə, toyxanalarda zəhərlənmələr oldu.
Ölkə başçısı tərəfindən bu kimi məsələlərin tənzimlənməsi üçün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. Bu gün o qurum fəaliyyət göstərir və orada çalışan mütəxəssislər də kifayət qədər təcrübəlidirlər. Qoşqar Təhməzovu da şəxsən tanıyıram. Çoxlu laboratoriyalar gətiriblər, hər bir məhsulu nəzarətdən keçirirlər.
Hesab edirəm ki, AQTA nəzarəti bir qədər də artırmalıdır. Xaricdən gətirilən məhsullar da ciddi yoxlanmalı, mənşəyi bilinməlidir. Məsələn, ət, süd məhsullarının mənşəyi məlum olmalıdır. Yeməklərə, xüsusilə uşaq qidalarına diqqət etmək, nəzarəti gücləndirmək lazımdır. Çünki gələcəyimiz uşaqlardır və bizdən sonrakı nəsilləri qorumalıyıq”.baxar.az




Loading...