Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev vətəndaşlıqdan çıxması ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Bu barədə Turan agentliyinə Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Abdullayev illərdir ona qarşı davam edən haqsızlığa etiraz olaraq bu addımı atmağa məcbur olub.

Hüseyn Abdullayev qeyd edir ki, dövlət başçısına onun haqqında yalan məlumatlar verilib. Bundan sonra 2018-ci ildə o, qanunsuz olaraq saxlanılıb və həbs edilib.

“BMT-nin Əsassız Həbslərlə bağlı İşçi Qrupu da mənim Türkiyədə tutulub Azərbaycana gətirilməyimi, burada həbsdə saxlanılıb məhkum edilməyimi tamamilə qanunsuz sayıb və Almaniya dövlətindən siyasi sığınacaq almış bir şəxsin Azərbaycana təhvil verilməsinin beynəlxalq hüquqa, onun əsas prinsiplərinə zidd olduğunu təsbit edib və mənim təxirə salınmadan azad edilməyimi tələb edib”, deyə Abdullayevin müraciətində bildirilir.
O, həmçinin mənəvi və psixoloji işgəncələrə məruz qaldığını bildirib. “Səhhətimdə ciddi problemlər yarandığından həyatımı itirmək təhlükəsi ilə üz-üzə qalmışam”, deyən Abdullayev ona qarşı qərəzli münasibətlə əlaqədar məhkəmə instansiyalarına verdiyi şikayətlərin heç biri təmin edilməyib.
“Ona görə də Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Çünki öz elimdə özgəyə dönməyim və adını hər zaman qəlbimdə daşıdığım Azərbaycanda düşmən kimi qəbul edilməyim məni belə bir ağır qərar verməyə vadar edib”, deyə o qeyd edib.

Rəsmi qurumlar hələlik bu müraciətə münasibət bildirməyib.

* Əslən Naxçıvan bölgəsindən olan Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun əlaltıları müxalifətin etirazlarının dağıdılmasında iştirak ediblər.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ildə parlamentin iclasında hakimiyyətyönümlü deputat Fəzail Ağamalı Abdullayevi davaya təhrik edib. Amma təkcə Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, daha sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə o, Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.

Almaniyada yaşayarkən Abdullayev kütləvi etirazlara çağırış yer alan bir sıra mahnılar bəstələyib və sosial şəbəkədə yayıb.
2018-ci il aprelin 22-də Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bakıda o, Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrarən törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib. Bundan sonra o, 6 il müddətinə azadlıqdan məhrum edilib. (turan.az)




Loading...