Aldadılan müəllim AAAF parkın yarıtmaz işlərindən və gözəgörünməyən rəhbərliyindən Prezidentə və I vitse prezidentə şikayət etdi

Azərbaycan dili və ədəbiyyat müəllimi, filoloq Vaqif Zamanov “AAAF park” yaşayış kompleksində müqavilə ilə ev götürüb, çətinliklərlə üzləşdiyi və çıxılmaz vəziyyətə düşdüyü barədə ölkə rəhbərlərindən kömək istəyir. Vətəndaşın məktubunu qısa ixtisarla sizə təqdim edirik : 
Möhtərəm cənab Prezident,
Hörmətli Mehriban xanım

Mən, Zamanov Vaqif Cəlal oğlu ali təhsilli Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. 4 noyabr 2016-cı ildə Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən 8 saylı binadan ümumi sahəsi 122.1 km2 olan 3 otaqlı mənzili almaq üçün şirkətlə müqavilə bağladım. Mənə mənzilin 2 ilə təhvil veriləcəyini söylədilər. Ümumi dəyəri 115995 manat olan mənzili 928 manat komissiyon xərc ödəyərək, aylıq 387 manat ödəməklə bağlı müqavilə imzaladıq.
Mən 2019-cu ilin sonuna qədər 35.943 manat pul ödədim və sonra rəhbərliklə  görüşüb evi vaxtında təhvil vermədikləri üçün söhbət etmək istədim. Lakin o gündən bu vaxta qədər AAAF rəhbərliyi ilə görüşmək mümkün olmur. Mən ya ödədiyim məbləğin qaytarılmasını, ya da mənzilimi təhvil vermələrini tələb edirəm. Ümumiyyətlə,  “AAAF park” yaşayış massivində rəhbərin kim olduğunu heç özləri də bilmir və vətəndaşı heç kim vecinə almır, hamısı “mənlik deyil” deyib yaxasını kənara çəkir. Bəs biz dərdimizi kimə deyək? 
Cənab Prezident, hörmətli Mehriban xanım, son ümid yeri kimi sizə müraciət edirəm və əminəm ki, siz vətəndaşınızın haqqının tapdalanmasına biganə qalmayacaqsınız. Əvvəlcədən təşəkkürümü bildirirəm. 

Hörmətlə : Zamanov Vaqif Cəlal oğlu




Loading...