Adı biraz yekə səslənir: AXCP Rəyasət Heyəti. Tərkibi, mahiyyəti, müzakirəyə çıxardığı məsələlərin xarakteri isə addakı zaftaya uyğun gəlmir. Təşkil etdikləri “online iclas”ı çoxunuz görmüsüz. Desəm ki, həmin o virtual toplantı AXCP-nin bügünkü rəzil durumunu çılpaqlığı ilə ortaya qoymuş oldu, yəqin ki, yanılmaram. Həmin iclasa tamaşa edənlərdən soruşsaq ki, nə gördüz və nə eşitdiz, yəqin ki, cavablar aşağı-yuxarı eyni olar: Çürümüş təfəkkür, çayxana ritorikası, küçə jarqonu, primitiv yanaşma, qeyri-etik replikalar, təhqir və aşağılayıcı ton. Dəyişən heç nə yox idi. Həmişəki formalarında idilər...

Amma ədalət naminə deməliyəm ki, yeniliyə meyillənmənin müəyyən işartılarını da müşahidə etdim. Artıq cəbhçilər öz əqidə qardaşlarını – müsavatçıları hamam aksesurlarına bənzətməyə başlayıblar. Məsələn, Əli Kərimlinin əsas adamlarından biri olan İlham Hüseyn Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylini “daban daşı” adlandırdı. Əməlli-başlı yenilikdir. Hər-halda cəbhəçi-müsavatçı qarşıdurmalarında hamam terminalogiyasından istifadə halları bu vaxta qədər müşahidə olunmayıb. Lakin sual yaranır: Niyə məhz daban daşı? Məncə İlham Hüseyn növbəti açıqlamalarında Mustafa Hacıbəylini “daban daşı” adlandırmasına aydınlıq gətirməli, fikrini hərtərəfli şəkildə əsaslandırmalı, iddiasını təsdiq etdirmək üçün ortaya ciddi arqumentlər qoymalıdır. 

Zəruri qeyd: 

Vulkanik fəaliyyətlər nəticəsində yaranan daban daşı (süngü daşı), məsaməli quruluşa malikdir, suyu udmur və gigiyenikdir. Yüksək temperaturda əmələ gəldiyi üçün sağlamlığı riskə atan heç bir elementi və molekulyar quruluşu yoxdur. Çürümə xüsusiyyətinə malik deyil. Daban daşı ayaq, dirsək və diz kimi nahiyələrdə yığılmış ölü heyceyrələri təmizləyir və nəticədə dərinin rahat nəfəs alması təmin olunur. Daban daşı dərinin yumşaq və pambıq kimi olmasını təmin edir. İstifadə etməzdən öncə, isti suda saxlanılması faydalıdır.

Göründüyü kimi, daban daşı kifayət qədər müsbət xüsusiyyətlərə malikdir. Elə isə İlham Hüseyn nədən Mustafa Hacıbəylini insan sağlamlığı üçün xeyri az olmayan daşa bənzədib? Yox, burada nəsə başqa mətləb, başqa fəlsəfə var. Gərəkdir ki, bu məsələ ilə bağlı ayrıca “videokonfrans” təşkil olunsun və “daban daşı” iddiasının arxasında hansı gizli məqamların dayandığına dair aydın izahatlar verilsin. Ümumiyyətlə, AXCP rəhbərliyi hamam terminaligiyasına keçid kimi ciddi yeniliyə dair cəmiyyətə öz ismarışlarını çatdırmalı və müxalifət partiyaları arasında gedən mübarizədə daban daşının, eləcə də digər bu kimi gigiyenik vasitə və aksesuarların oynaya biləcəyi rol barədə mülahizələrini açıqlamalıdır. Əgər ağlabatan və tutarlı açıqlamalar verilərsə, bu halda AXCP, “Batmış”, “Bitmiş”, “Tükənmiş” kimi iddialardan və bütün yeniliklərə qapalı bir təşkilat olması barədə qınaqlardan müəyyən qədər yayına da bilər. Cəmiyyət görər ki, bu partiya yerində saymır, köhnə bayatılardan müəyyən qədər imtina edir və hamam avadanlıqlarının adını siyasi leksikokona gətirməklə də olsa ölkənin siyasi həyatına yeni ruh, yeni rəng qatmaq istəyir. 

Hə, onu da deyim ki, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli AXCP Rəyasət Heytinin məlum online iclasında səsləndirilən fikirlərə cavab verəciyinə dair anonsla çıxış edib. Müsavatçı yoldaş özünün FB profilində bunları yazıb: “Gündəmin dəyişməsini istəmirəm, yurddan gələn son təhqirlərin səbəbini sonra açacam”.

Çox böyük ehtimalla “daban daşı” iddiası da cavabsız buraxılmayacaq. Məncə Mustafa Hacıbəylinin cavabı, “daban daşı” kimi hələlik qeyri-müəyyən bənzətməyə adekvat olmalıdır. Məsələn, o da öz növbəsində İlham Hüseyni hamam kisəsinə bənzədə bilər...

Zəruri qeyd:

Hamam kisəsi - möhkəm sapla cod parçadan tikilən və ələ keçirilərək bədənin sürtülməsi üçün istifadə edilən torbacıqdır.

Yeri gəlmişkən, kisə də bədəndən ölü hüceyrələri təmizləmək üçün əntiqə vasitədir.

  
    Nicat DAĞLAR




Loading...