Koronavirus pandemiyasının ikinci dalğası sunami idi, üçüncü dalğa əvvəlkilər qədər şiddətli olmayacaq.
Pressaz.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri türkiyəli professor Sait Gönen deyib. Həkim bildirib ki, son günlərdə İstanbulda yoluxma sayında artım müşahidə olunmağa başlayıb:
“Müraciətlərin 30 faiz artdığı müşahidə olunub. Amma pozitiv test nəticələrində hələlik ciddi artım yoxdur. İkinci dalğada bizim xəstəxananın reanimasiyasında xəstə sayı 55-ə qalxmışdı. Reanimasiya şöbəsi tamamilə dolmuşdu. Digər xəstəxanalarda da ciddi artım olduğunu bilirik. Odur ki, daha diqqətli olmalıyıq. Restoran və kafelərdə masalarda sosial məsafə qaydalarını gözləməkdə fayda var. Vətəndaşlar sosial məsafə, maska və gigiyena qaydalarına qarşı daha diqqətli olmalıdır. Pandemiyaya başqa yolla qalib gəlmək mümkün deyil. Qapalı məkanların havalandırması da yaxşı olmalıdır. Belə məkanlarda maskasız çox qalmayın. Əlbəttə ki, vaksinasiya ümid verir. Bu, böyük bir avantajdır. Lakin kütləvi immunitet yaranana qədər hər kəs bu tədbirlərə əməl etməlidir”.
Pandemiyanın əvvəlində test nəticəsi pozitiv çıxan hər kəsin panikaya qapıldığını qeyd edən professor üçüncü dalğanın yaxınlaşdığını vurğulayıb:
“İlk iki dalğa ilə hazırkı vəziyyət arasında fərq var. İndi xəstəlik haqqında kifayət qədər məlumatımız var. Oktyabr-noyabr aylarında yaşanan ikinci dalğa sunami idi. İkinci dalğada yoluxma sayı birinci dalğadan daha çox oldu. Xəstələrin çoxu xəstəxanaya yatırılmadan evlərinə göndərildi. Sadəcə ümumi vəziyyəti pis olanlar xəstəxanaya yatırıldı. İndi üçüncü dalğa gəlir, ancaq ilk iki dağla qədər şiddətli olacağını düşünmürəm. Çünki risk qrupunda olan bir çox insanın peyvənd olunması bir avantajdır. Qarşıdan yaz gəlir, açıq havada insanlar daha çox vaxt keçirəcək. Amma bu da heç kimi arxayın etməməlidir. Vaksinasiyaya rəğmən hazırda Avropa ölkələrində ciddi artım var”.(Publika.az)




Loading...