Son vaxtlar fəaliyyətində ciddi nöqsanların olduğu hesab edilən qurumlardan biri də İcbari Sığorta Bürosudur.
Büro 2011-ci ildə Hüquqi Şəxslərin İttifaqı kimi yaradılıb. Yaradılmasındakı başlıca məqsəd isə ölkənin sığorta bazarının vahid informasiya sisteminin qurulması və bazarın inkişafı yönündə əsaslı tədbirlərin görülməsidir.
Büroya 2018-ci ildə icraçı direktor təyin olunan Rəşad Əhmədov çıxışlarında bir neçə dəfə vurğulayıb ki, rəhbərlik etdiyi qurum müxtəlif təşkilatlarla inteqrasiya edəcək, icbari sığorta bazarı tamamilə elektronlaşdırılacaq. Lakin bir balaca araşdırma apardıqda məlum olur ki, R.Əhmədov qurumun Himayəçilər Şurası tərəfindən verilən qərarları belə yerinə yetirməyib.
Məsələn, mütəxəssislər 2019-cu ilin birinci yarısından külli miqdarda vəsait hesabına istismara verilən İstehsalatda Bədbəxt Hadisələr üzrə layihənin tamamilə effektsiz olduğunu düşünürlər. 2020-ci ilin birinci yarısında təhvil verilən vahid informasiya sistemi istismara buraxıldıqdan sonra isə 5 icbari sığorta növünün hamısı elektronlaşdırılmali idi. Lakin bu iş də nəticəsiz qalıb. Yeni sistem uğur qazandırmaq bir yana, heç əvvəlki illərdə göstərilən performansı da təkrarlaya bilməyib. İddialara görə, bu uğursuzluğun əsas səbəbi direktorun işi mütəxəssislər yerinə, öz köhnə dost-tanışına həvalə etməsidir.
Valyuta.Az Bakupost-a istinadla xəbər verir ki, iddialar arasında İcbari Sığorta Bürosunun vəsaitlərindən gərəksiz xərcləmələrin olduğu da yer alır.
R.Əhmədovun fəaliyyətinə nəzər salanda diqqətçəkən məqamlardan biri də “Standard İnsurance” sığorta şirkətinin ləğvi və əmlakının hərraca çıxarılması prosesidir. Şirkətin ləğv edicisi R.Əhmədovdur.
Problem tam aydın görünsün deyə, “Standard İnsurance” sığorta şirkətinin ləğvi prosesinə nəzər salaq. Ləğvetmə prosesi 21 may 2020-ci il tarixində şirkətin ödəmə qabiliyyətinin olmamasına görə başlayıb. Ləğvetmə komissiyasına sədrliyi isə R.Əhmədov fərdi şəkildə öz öhdəsinə götürüb. “İcbari sığortar haqqında” qanuna əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə əmlaka və sağlamlığa dəyən zərərə görə Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosuna həvalə edilir. Ancaq “Standard Insurance” Sığorta Şirkətinin timsalında ləğv edilən qurumda qərarverici şəxslə bütün ödənişləri həyata keçirməyə məsul olan İcbari Sığorta Bürosu əslində, eyni şəxs, yəni R.Əhmədovdur. Başqa sözlə, kompensasiyaların ödənilməsi zamanı qərar verənlə vəsaiti ödəyən adam eynidir, yəni maraqlı tərəfdir. Direktorun iki öhdəliyi birdən öz üzərinə götürməsi isə haqlı suallara və şübhələrə yol açır.
Rəşad Əhmədov İcbari Sığorta Bürosunun direktoru, “Standard İnsurance” sığorta şirkətinin ləğvetmə komissiyasının rəhbəri olmaqla yanaşı ölkənin müxtəlif qurumlarında keçirilən tenderlərdə ixtisaslaşmış əsas şirkətlərdən bir neçəsinə sahiblik etməkdədir. Onun biznes imperiyasına məxsus “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC şirkətlərinin adı çoxmilyonluq tender oyunlarında hallanır (Bəzi istinadlar: Keçid 1, Keçid 2 )
100 milyonluq tenderlər...
“Electro İndustries” QSC “Verdict-Service Company” MMC-nin QSC-yə çevrilməsi yolu ilə 2018-ci ilin sentyabrında yenidən təsis edilib. Şirkət “Verdikt” hüquq şirkətinin direktoru Rəşad Əhmədovun qardaşı Aqşin Bayram oğlu Əhmədovun adına 2010-cu ildə təsis edilib. Şirkət 2017-ci ildə transformasiya edərək elektrik xətlərinin çəkilişi ilə məşğul olmağa keçənədək fəaliyyəti barədə publik məlumat yoxdur. Elə maliyyə hesabatında da 2017-ci ilin əvvəlində fəaliyyət göstərmədiyi əks olunub. 2017-ci II rübündən isə 387 min manat vergi borcu ola-ola mart ayında “Azərişıq” ASC-nin mühüm layihəsinin icrası üzrə tenderinin qalibi olur. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyə görə, tenderə qatılan iddiaçıların mühüm maliyyə və vergi öhdəlikləri olmamalıdır. Buna baxmayaraq, “Azərişıq” onunla Hacıqabul və Şamaxı rayonlarında yaradılan 2 aqroparkın elektrik təchizatı sistemini qurmaqdan ötrü 34,2 milyon manatlıq müqavilə bağlayır.
Araşdırmalar nəticəsində bəlli olur ki, şirkət tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyanı 2017-ci ilin iyun ayının 14-də alıb. Başqa sözlə, tenderə sənəd təqdim edərkən, onun elektrik enerjisi obyektlərinin tikintisi sahəsində nəinki 5 milyon manat dəyərində icra olunmuş layihə keçmişi, heç bu sahədə işləmək üçün icazəsi və təcrübəsi belə olmayıb. “Zaman-Audit” MMC audit şirkətinin rəyinə əsasən, şirkətin ümumi mənfəəti 2019-cu ilin əvvəlinə 7 milyon 435 min manat təşkil edib (Hesabata keçid). 
2018-ci ildə “Azərişıq” və “Azərenerji”nin bu şirkətə daha hansı işləri həvalə etdiyi barədə məlumat verilmir. Əvəzində “Electro İndustries” şirkəti ilə demək olar ki, eyni vaxtda Rəşad Əhmədov tərəfindən təsis edilən “Azconstruction” QSC-nin 2016-2019-cu illərdə təkcə “Azərişıq” ASC-dən ümumi məbləği 133,2 milyon manat dəyərində publik sifarişlər aldığı məlum olur. “Azconstruction” şirkəti barədə də ictimaiyyətə elə çox informasiya bəlli deyil. Bu şirkət barədə ictimaiyyətə açıq informasiya onun “Azərişiq” ASC ilə tərəfdaşlığı barədədir. “Azərişığ”ın ona tapşırdığı 13 layihə arasında Hövsan və Binə qəsəbələrindəki, Qax, Goranboy, Ucar, Şabran, Biləsuvar və Hacıqabul rayonlarındakı iri əkin sahələrinin, istixanaların və quşçuluq təsərrüfatının xarici elektrik təchizatı xətlərinin tikintisi, Ağ Şəhərin və Bakının başqa ərazilərinin enerji təchizatı işləri də var. 
Görünən həm də odur ki, dövlət hesabına icra olunan bu layihələr Rəşad Əhmədovun şirkətinə başgicəlləndirən məbləğlərdə qazanc gətirib. Maliyyə hesabatına görə, irihəcmli işlərin tapşırıldığı şirkətin balansındakı əmlakının dəyəri cəmi 130 min manata yaxın olub. Bu kiçik potensialla “Azconstruction” QSC 2018-ci ildə 23 milyon 804 min manat mənfəət əldə edib. 2018-ci ilin sonu tarixinə “Zaman-Audit” MMC audit şirkətinin audit rəyinə əsasən şirkətdə 10 manat kapitalı olan Əhmədovlar ailəsinə ödəniləcək dividend məbləğinin miqdarı 19 milyon 43 min manat olaraq təsdiqini tapıb (Hesabata keçid).
2018-ci il ərzində müqavilələr üzrə 80,7 milyon manat məbləğində əməliyyat gəliri əldə edən bu şirkət dövlət büdcəsinə 4,7 milyon manat, əməliyyat mənfəətinin onda-biri qədər mənfəət vergisi ödəyib. Məlumatlara əsasən şirkətin qalib elan edildiyi sonuncu tender isə 2020-ci ilin dekabr ayında olub və Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonanın ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və görülməsi üçün şirkətə 9 milyon 984 min manat vəsait ayrılıb (Keçid).
“Azconstruction” QSC-nin ilk direktoru Rəşad Əhmədovun atası Bayram Əhmədov olub. O, həm də “Azərişıq” ASC-nin 2016-cı ildən bəri daimi tərəfdaşı olan “Gatdigital” QSC-nin rəhbəri və qanuni təmsilçisidir.  Bu dövrdə ölkənin elektrik təchizatçısı “Gatdigital” QSC-dən müxtəlif elektrik malları, sayğaclar və sayğac qutuları, dayaq və bünövrələr, işçi geyimləri və s. satışı etməkdən ötrü 25 publik müqavilə bağlayıb. Bu müqavilələr üzrə şirkətə təkcə 2018-ci ildə 28.7 milyon manat (Keçid), ümumilikdə isə 155 milyon manatdan çox vəsait ödənilib (Keçid)
Azconstruction QSC kimi “Gatdigital” QSC-nin də hüquqi ünvanı Əhmədovların Bülbülə qəsəbəsindəki villası olub. Hal-hazırda isə “Azconstruction” QSC və “Electro İndustries” QSC-nin qanuni təmsilçiləri, eləcə də hüquqi ünvanları dəyişdirilib.  
Dövlət satınalmaları portalına görə, 2019-cu ilin yayında 110/35/6 kV-luq Sumqayıt-3 yarımstansiyasından “Azərsun Holdinq” MMC-nin yağ, plastik və karton zavodlarına 35 kV-luq kabel xəttinin çəkilməsi üzrə 2 milyonluq layihənin icrası da adı çəkilən şirkətlərdən birinə – “Electro İndustries” QSC-yə tapşırılıb. Məlumat üçün bildirək ki, Rəşad Əhmədovun əvvəlki iş yeri “Azərsun Holdinq” olub.
Bahalı avtomobillər
Rəşad Əhmədovun ona verilən postdan istifadə edərək, şəffaflığı şübhə altında olan böyük layihələri udması, “obnaliçka” ilə məşğul olan şirkətlər qurması ona, əlbəttə, böyük sərvətlər bəxş edib. Evlərinə, villalarına toxunmadan bu yazıda yalnız bir qismini müəyyən edə bildiyimiz avtomobillərinin siyahısını təqdim edirik:

valyuta.az





Loading...