Əlbəttə, mənə gülə bilərsiniz, amma, gerçəkdən də, düşünürdüm ki, Amerika bizi dəstəkləyəcək, qoruyacaq.
70 yaşlı ədəbiyyat müəllimi Tamraz Harutyunyan naçar baxışlarla baxır.
"Onlar sanki hirslənmişdilər, Türkiyənin Azərbaycanı dəstəkləməsinə qeyzlənmişdilər, pisləmişdilər Ankaranı. Hətta qonşularımla bir butulka konyakdan mərc gəldim ki, amerikalılar Qarabağa qoşun yollayacaqlar. Uduzdum... Bağışlayın, qoca adamam, təbliğata inanıram. Mənə belə gəlirdi ki, Qərb halımıza yanır", - Tamraz söyləyir.
37 yaşlı kompüter proqramçısı Eduard Qaregyan isə daha qəzəblə danışır: "Amerikalılarla Avropa bizi uşaq kimi aldatdılar. Ermənistan bizdən dəfələrlə güclü düşmənlə üzbəüz qaldı. Onlar, amerikalılar və avropalılar isə oturub sanki zooparkdakı kimi baxır, bizi necə parçaladıqlarını seyr edirdilər".
İrəvan sakini Aram Qurgenyan isə əlindəki əsasını qəzəblə yerə vurur: "Ruslar yeganə dostlarımızdır! Bunu həmişə demişəm və deyəcəyəm. Əgər 1920-ci ildə Rusiyanın tərkibinə qatılmasaydıq, erməniləri türklər məhv edərdilər".
... Rusiyanın "Arqumentı i faktı" qəzetinin reportyoru İrəvanda olub, Ermənistan vətəndaşlarının indi nə düşündüklərini anlamağa çalışıb.

Ermənilərin dediklərinə görə, indiki Baş nazir Nikol Paşinyan müxalifətdə olanda ölkənin Avrasiya İqtisadi Birliyindən və MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına çağırırdı. "Zəngin Avropa Birliyi və qüdrətli NATO bizi gözləyirsə, ruslar nəyimizə gərəkdir?! Təbii qaz bahalaşacaq, amma nə qədər başqa mənfəətlərimiz olacaq" deyirdi Paşinyan.
Amma Paşinyan baş nazir kreslosuna əyləşən kimi onun Rusiyaya qarşı yönəlmiş çağırışları bir anda yox oldu. Məlum oldu ki, erməni siyasətçilər Rusiya ilə əlaqələrin kəsilməsinə görə xeyli pul itirməyə hazır deyillər.
"Bizə deyirdilər ki, ermənilərin nifrət etdikləri prezident Serj Sarqsyanın əvvəlki hakimiyyəti Rusiyaya meylli idi. Yəni Rusiya bunca pis adamları, oğruları və rüşvətxorları dəstəkləyirdi. Dedilər ki, tələsmədən Qərbə tərəf hərəkət etməliyik. Paşinyan isə anlayırdı ki, Rusiya ilə münasibətləri korlamağa dəyməz. Bəlkə də o, Lukaşenko kimi Qərbə yönlənəcəyini deyib Rusiyadan pul almağı düşünürdü. Bizdə isə hamı pulla özünə dost tutmağa öyrənib", -  Ermənistan ordusunun sabiq kapitanı Suren Ter-Qukasyan danışır.
Ermənilər söyləyirlər ki, İkinci Qarabağ Müharibəsi günlərində Qərb Ermənistana ünvanlanmış xeyli dəstək mesajı verdi, ABŞ-ın o dönəmdəki prezidenti Donald Tramp atəşkəsə nail olmağa çalışdı. Atəşkəs cəmi 2 saat çəkmişdi. Müharibəni Rusiyanın vasitəçiliyi dayandırdı. İndi məhz Rusiyanın hərbçiləri Qarabağda mina sahələri və partlamamış mərmilərin arasında xidmət edirlər.
İrəvanın mərkəzində, Baqramyan prospektində müxalifətin mitinqlərində isə ermənilər qışqırırlar: "Qərb bizə gərək deyil" Ruslarla birlikdə olmaq istəyirik! Ruslar, bizdən inciyibsiniz? Bağışlayın bizi!"
İndi ermənilər deyirlər ki, Rusiya və Belarusun vahid dövlətinə Ermənistan da daxil olarsa, türklər onlara toxuna bilməzlər. Ermənilər təlaşdadır.
Tələbə Robert Movsesyan deyir: "Axı niyə bizə kimsə fikir vermir? Türklər bizə hücum etsələr, sümüklərimiz onların dişlərində xırçıldayacaq".

"Ermənistan, ümumiyyətlə, Rusiyanın tərkibində olmalıdır!" deyirlər ermənilər. Bir qədər əvvəl belə bəyanat İrəvanda ən azı həddən ziyadə narazılıq və qəzəb doğurardı. İndisə erməntlər susur, köks ötürürər.
"Deyin - Rusiya bizi atmaz ki?" - qoca erməni soruşur və cavab gözləyir.
Reallıq isə budur ki, Qərb Ermənistana heç nə vəd etməmişdi və Azərbaycanla müharibə başlayacağı təqdirdə İrəvana dəstəklə bağlı anlaşmalar da yoxdu. Günah erməni siyasətçilərdədir. Onlar fasiləsiz bəyan edirdilər ki, Ermənistan mütləq Avropa və ABŞ ilə əlaqələri genişləndirməlidir, ermənilərin əsas tərəfdaşları avropalılar və amerikalılardır.
Əslində, Qərbi Qarabağ probleminin çözülməsi heç zaman maraqlandırmayıb.
ABŞ-ın qondarma "erməni soyqırımı"nı tanımasına gəldikdə isə, Vaşiqton bunu Türkiyəni sinirləndirmək, Ankaradan qisas almaq üçün etmişdi.

"Ermənistanın sağ qalmaq, məhv olmamaq üçün, sadəcə, bir şansı qalıb. Tamamən Rusiyaya meylli mövqe tutmaq. Qəribədir ki, Ermənistanda hələ də bunu tam anlamırlar", - Baqramyan prospektindəki nümayişçilərdən biri söyləyib.Milli.Az





Loading...