Hazırda gömrük rüsumlarının çox olması səbəbindən Azərbaycana hibrid avtomobillərin təzəsi deyil, işlənmişi gətirilir.
Pressaz.info xəbər verir ki, bu sözləri Axar.az-a hökumətin elektromobil və hibrid avtomobillərlə bağlı qərarını şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, elektromobillərin qiymətinin 15 faizini gömrük rüsumu təşkil edir:
“Hazırda bazarda elektromobillər 50-70 min manatdan 200-300 min manatadək təklif olunur. İşlənmiş hibridləri 18-20 min, yeni lüks hibridi isə 80 min manata almaq mümkündür. Gürcüstanda isə bu cür avtomobil 55-60 min manat arasıdır. Rüsumların necə yüksək olmasını hibrid “Toyota RAV4” avtomobilində daha aydın görürük. Bu hibrid maşının Gürcüstanla Azərbaycan arasında olan qiymət fərqi 13 min dollardır. Rüsumlarla bağlı güzəşt tətbiq olunsa, artıq bu maşınlara da maraq artacaq. İnsanlar 60 min manata işlənmiş maşın almaqdansa, lüks, yeni hibrid avtomobil alar. Bu isə ölkədə avtomobil parkının yenilənməsinə səbəb olacaq”.
Ekspert elektromobillərə marağın artırılması üçün gömrük rüsumunun ləğvinin kifayət etmədiyini bildirib:

Avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə ekoloji təmiz avtomobillər üçün stimullaşdırıcı addımın yalnız gömrük rüsumlarının və digər vergilərin ləğvi ilə bitməməsinin vacib olduğunu bildirib:
“Həmin avtomobilləri vətəndaşların rahat alması üçün avtokreditləşdirmə aparılmalıdır. Vətəndaş əgər ekoloji təmiz avtomobil almaq istəyirsə, ona dövlət güzəştli bank kreditləri verməlidir. Bundan əlavə həmin kreditin ilkin ödənişi olmamalı, aylıq faizi isə az olmalıdır. Bu zaman təkcə dövlət ekoloji avtomobillərin ölkəyə idxalını stimullaşdırmayacaq, həm də vətəndaşların bu avtomobilləri almasını təşviq etmiş olacaq”.
Qeyd edək ki, Nazirlər Kabineti elektrik mühərrikli avtomobillərin idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması istiqamətində iş aparıldığını açıqlayıb.
Eyni zamanda, hibrid avtomobillərin idxalı zamanı əlavə dəyər vergisindən, istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması, elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində də müvafiq işlər görülür.




Loading...